Ukrayna münaqişəsinin nizamlanmasına dair növbəti görüşlər 17 və ya 18 fevralda ABŞ-də keçirilə bilər.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenski gələn həftə ABŞ-nin növbəti danışıqlar raundu keçirmək təklifini qəbul edib. Görüşdə ərazi məsələsinə diqqət yetiriləcək.
Ukrayna lideri qeyd edib ki, Rusiya tərəfinin ABŞ-yə gəlməyə razı olub-olmayacağı hələ də bəlli deyil.
"Ukrayna və Rusiyanın razı olmadığı ABŞ-nin Donbasda azad iqtisadi zona yaratmaq təklifi danışıqlar zamanı müzakirə mövzusu olacaq. Hazırda sənədlərin imzalanması da daxil olmaqla, bütün hərəkətlərin ardıcıllığı və atəşkəs rejiminin monitorinqi məsələsi də müzakirə olunur. Tərəflər iqtisadi məsələləri müzakirə etmək niyyətindədir" - Zelenski bildirib.
Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ikinci mərhələsi 4 və 5 fevral tarixlərində Əbu-Dabidə keçirilib. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff görüşü "konstruktiv" adlandırıb.