Zelenski: Putin 500 min nəfərlik yeni səfərbərlik planlaşdırır

“Vladimir Putin sentyabrın 21-də keçiriləcək Rusiya Dövlət Dumasına seçkilərdən sonra yeni səfərbərlik elan etməyi və 300-500 min nəfəri orduya cəlb etməyi planlaşdırır”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna kəşfiyyatının məlumatları Rusiya liderinin müharibəni dayandırmağa hazır olmadığını göstərir:

“Putin bu addımı açıq şəkildə atmır, çünki cəmiyyətinin reaksiyasından ehtiyat edir. Amma biz onun logistikasına, silah təminatına, benzin və dizel ehtiyatlarına zərbə vurmasaq və tərəfdaşlarımız Rusiyaya qarşı tam sanksiyalar tətbiq etməsələr, oktyabrın əvvəlində səfərbərliyi gücləndirəcək”.

Ukrayna Prezidenti qeyd edib ki, Kreml rəhbəri 300-500 min nəfəri səfərbər etməyi planlaşdırır və bunu həyata keçirmək Rusiya üçün çətin olmayacaq. Amma o, Rusiya cəmiyyətinin səfərbərliyə qarşı olduğunu göstərən sorğuların mövcudluğunu da vurğulayıb.

Zelenskinin fikrincə, Rusiyanın belə böyük sayda insanı qısa müddətdə hazırlaması mümkün olmayacaq, nəticədə cəbhəyə zəif hazırlıqlı hərbçilər göndəriləcək ki, bu da ağır itkilərə səbəb olacaq.