Özbəkistanda Haqverdiyevlə bağlı silsilə tədbirlər keçiriləcək - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında  31 yanvar 2020-ci il tarixli, 1784 nömrəli Sərəncamı ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. 

Azərbaycan Mədəniyyət Mərkəzi  “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində keçiriləcək tədbirlərdə, habelə “Azərbaycanın Qarabağ diyarı - Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsində tanınmış qarabağlılara, xüsusi ilə də Əbdürəhim bəy Haqverdiyevə, onun yaradıcılığına geniş yer verəcək.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənd və regionlarda, Özbəkistanın universitetlərində yaradılmış Azərbaycan ocaqlarında il ərzində Azərbaycanın “Qarabağ ədəbiyyatı” məktəbinin tanınmış siması “Ə. B. Haqverdiyevin Azərbaycan dramaturgiyasında, klassik hekayə və faciə janrının inkişafında rolu” adlı  dəyirmi masa və seminarların keçirilməsini, ədibin əsərlərinin Özbək dilinə tərcümə edilməsini, Əbdürəhim bəy Haqverdiyev haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində xüsusi bölmənin yaradılmasını, habelə Özbək mətbuatında görkəmli dramaturq haqqında məqalələrin dərc edilməsini nəzərdə tutub.