Qarabağ hökmdarının sonuncu varisi Şuşa üçün lazımlı, faydalı, saysız-hesabsız xeyriyyə işləri görüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ilin mayında Şuşanı Azərbaycanın Mədəniyyət paytaxtı elan etdi. Bu sərəncamın ardınca, digər məntiqi sərəncamlar da özünü çox gözlətmədi.
İlham Əliyevin növbəti sərəncamı 2022-ci ilin “Şuşa ili” elan edilməsiylə bağlı oldu. Bu günlərdə isə cənab Prezident Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Bu sərəncamların hansı əsaslara söykəndiyi bəllidir. Şuşanın təməlinin qoyulmasının 270 illiyi tamam olur. Şuşanın mədəniyyətimizin beşiyi olması da əlavə sübuta ehtiyac duyulmayan həqiqətdir. Xurşidbanu Natəvan da Şuşanın ismət rəmzidir. Şuşa həm də Xan qızının şəhəridir.
Xatırladaq ki, Prezidentin imzaladığı sərəncamda Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə hazırlıq işləri barədə konkret tapşırıqlar qeyd edilib. Sərəncamda bildirilir ki, “Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir.
Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaradıb, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub gedib. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplayıb və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərib. Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılıb, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılıb. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılıb. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli-mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür”. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu Natəvanın 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Məlum sərəncamla bağlı fikirlərini “Şərq”lə bölüşən qələm ustası, “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs yubileylərin üst-üstə düşməsinin qanunauyğun olduğunu dedi:
- Cənab Prezidentin Xurşidbanu Natəvanın 190 illik yubileyinin keçirilməsiylə bağlı sərəncam imzalamasının “Şuşa ili” ili eyni vaxta düşməsi təsadüfi sayılmaz. Bu, tamamilə təbii və qanunauyğundur. Çünki Şuşa deyiləndə ağla gələn ilk isimlərdən biri də məhz Xan qızı Natəvandır, Natəvanın qəzəliyyatı, poeziyası və onun Qarabağ üçün, Şuşa üçün gördüyü işlərdir. Xurşidbanu Natəvan ən yaxşı lirik şairlərdən hesab edilir. 2 dildə yazıb – Azərbaycan türkcəsi və fars dilində. Onun poeziyası Azərbaycan ədəbiyyatının “Qızıl Fondu”na daxildir. Amma bir məsələ var.
Natəvanın bədii yaradıcılığından savayı başqa bir əsəri də var. Bu əsərin adı Şuşadır!
Qarabağ hökmdarının sonuncu varisi Şuşa üçün çox böyük, lazımlı, faydalı, Qarabağ əhalisinin həyatını yaxşılaşdıracaq, yaşayışını yüngülləşdirəcək saysız-hesabsız xeyriyyə işləri görüb. Gördüyü işlər də Natəvanın əsərləridir.
Bu da bir yaradıcılıqdır. Ona görə də Şuşa adıyla Natəvanın adının yanaşı çəkilməsi təsadüf sayılmaz. Şuşa ilə Natəvan arasında ruhanu bir bağlılıq olub tarixən.
Mən belə hesab edirəm ki, Xan qızı dünyaya gələndən bu ikili arasında ruhi bağlılıq yaranlb. İndi bu ruhani bağlılıq həm də rəsmi bağlılığına çevrilir - rəsmiləşir.
Bir yandan Şuşanın 270 illiyidir, bir yandan Natəvanın 190 illiyi. 2 yubileyin üst-üstə düşməsi çox gözəldir, möhtəşəmdir.
Qarabağ, bütün Azərbaycan 2 bayramı birlikdə qeyd edir. Şuşaya Natəvanlı günlər, Natəvana da Şuşalı “ömür” arzulayıram.