Demək Xaqani Qayıblının da yaşı altımışa dayandı. Bizim Nəsir müəllim (professor Nəsir Əhmədli) 60 yaşı olanlara, Tovuz nömrən mübarəkdir deyirdi. Biz də mübarəkdir deyirik. Bir dünya xatirəsi var Xaqani Qayıblının məndə. Adam haradan başlayıb harada bitirəcəyini bilmir. Aktiv yazı vərdişim olsa bir kitablıq yazı olardı. Xaqani Qayıblı ilə saysız-hesabsız məclislərimiz, səhəri diri göznən açdığımız günlər olub. Ancaq bütün bu görüşlərin içində bir görüşümüz var ki, xüsusi olaraq ayrıcalıq təşkil edir. Bu bizim birinci Qaraçöp görüşümüzdür. Piri üzünə gülsün, Məmməd Dəmirçoğluna həsr olunmuş filmin çəkilişləri üçün İncə dərəsinə getmişdik. Orada eşitdik ki, Xaqani Qayıblı Qaraçöpdədir. Yazın yaya ayaq verən vaxtlarıydı. Nolajax, onda təbiət də biznən yaxşıydı. Yol aldıq Qazaxdan üzü Qaraçöpə. Gələcək nəsillər bu yazıyı oxuyanda fikirləşəcək ki, Qazaxdan Qaraçöpə görəsən necə günə keçiblər. Sizə o vaxtı danışıram ki, onda sərhəddi bağlamamışdılar, camahat hələ də ölsünün-dirisinin ziyarətinə gedib-gələ bilirdi, xeyrinin-şərinin yiyəsi idi. Nə isə, təxminən bir-iki saata gəlib çıxdıq Qaraçöpə. Görünür xəbər tutmuşdular. Xaqani Qayıblının ata ocağında – qapının iti də dəhmər dururdu.Çağdaş Türk irfan ədəbiyyatının uğurlu imzalarından olan Allahverdi Təhləli ilə də ilk tanışlığımız buradan başladı. Günortadan başlayan məclis növbəti günün səhər saatlarına kimi davam elədi. Bu minvalla Qaraçöplülər bizə o ki var divan tutudular. Xaqani Qayıblı əlində qara sazı, dilində dastanlarımızdan şirə çəkmiş şirin söhbətləri, əzbərində də qara sazın ahəngdar səsində cilalanmış şerləri ilə unudulmaz anlar yaşatdı bizə. Bax onda tanıdım Qaraçöpün qara gözlü qərib balası Xaqani Qayıblını. Ona kimi Xaqani Qayıblını daha çox Tartu Unveristitetinin professoru, Estonya prezidentinin dostu və tərcüməçisi, Süleyman Dəmirəlin məsləhətçisi kimi parıltılı avropalı tərcümeyi halı ilə tanıtmışdılar mənə. Qaraçöpdə görüşəndə fırsandı əldən vermədim. Üstünü kəsdirib, amanının kiridini qırdım ki, oğlan avropalı hara Qaraçöp hara? Nə gəzirsən buralarda? Dedi sinəmə bir qatar söz gəlib icazə ver sözümü həmdəmimnən deyim. Oğlan Sənin həmdəmindəmi var? Gözünnən sinəsində müstəkam elədiyi qara sazı işarət eləyib aldı görək nə dedi?
Zəryəridim daş-qaşınan oynardım,
Əhtəş döydü para mənə pul mənə
Xaryatdarım isvahalar piçərdi
Əhtəş olub dəri, köşkül, pus mənə.
Dedim oğlan Sən pullu yerin adamına oxşayırsan. Bəs buralarda nə işin? Dedi qulağ as:
Qurudu göllərim daha qaz gəlməz,
İlahidən mənim işim düz gəlməz!
Bəəm də qojayam mənə qız gəlməz,
Həlvətdə tapılar bircə dul mənə.
– Oğlan Sən öylənmək də istiyirsən. Qaraçöpdə bu nə cürətdi? Dedi ağa başına dönüm qoy birini də deyim.
Mən Kərəməm Xan Əslinin nəyiydim,
İyitdərin məhbubuydum yeyiydim.
Ziyatxanoğluydum Gəncə bəyiydim,
Baş əyirdi ağa, nökər, qul mənə.
Söz tamama yetdi. Məclisi heyrət bürüdü. Sanki, Hüseyn Saraclının məclisindəydik. Goru nurnan dolsun, ustad deyirdi ki, şəyird gərək qəssab iti kimi usdadın əlindən darta, yerə düşənini göydə döşürə. Gördüm rəhmətlik nə tökübsə döşürüb. Sən demə, ozan-aşıq sənətinin əfsanəsi sayılan aşıq Hüseyn Saraclının ruhu da, ləmsi də, dadı da, duzu da, danışıq təhkiyəsi də Xəqanidə cəmləşibmiş. Yerdən məclis iştirakçılarının pıçıltıları başladı.Keçən dəfə də o boyda İbrahim İlyaslının sazını əlindən almışdı sonra nə isə rəhmi gəlib qəlyanını alıb sazını geri qaytardı.
Beləliklə mən də daha bir ruh ekizimi tapmış oluram. O ruh ki, bizim içimizi ələm ağacı kimi gah Borçalıya dartır gah da adına bavamız öyü dediyimiz İncə dərəsinə doğru çəkib aparır. Qazağa, İncə dərəsinə olan sonsuz məhəbbət Xəqaninin qəlbinə həm də anası Şərifə xanımın südü ilə axıbdır.Bu məhəbbət onun yaradıcılığında ayrıca bir xətt kimi aydın duyulur.
Mənim bu yerlərdə nəyim yoxdu ki,
Ən şirin söhbətim, sözüm Qazaxda
Huşum tərpənnənnən, ağlım kəsənnən
Harda yaşasam da gözüm Qazaxda.
Didvanda ömrümü sürdüyüm günlər
Oxuyub kamala ərdiyim günlər
Nənə nəvazişi gördüyüm günlər
Sıyrılıb dirsəyim, dizim Qazaxda.
Baxtımı baxtına düydüyüm gözəl
Hamıdan xəlvəti sevdiyim gözəl
Daldeydən nənəmə öydüyüm gözəl
Görən yaşıyırmı bizim Qazaxda.
Hərdən çala getdim, meşəyə gəldim
Neynim maraq saldım hər şeyə gəldim
Şernən sənətnən ərsiyə gəldim
Ruhum Qaraçöpdə özüm Qazaxda.
Uşaqlığı Qazaxda – Ceyrançöldə qoyun dalında keçib Xəqaninin. Yeri gəlmişklən Xaqani Qayıblının Ağamalı Sadiq Əfəndi ilə qiyabi olaraq ilk tanışlığı da Ceyrançöllə bağlıdır? Xaqaninin özü bunu belə başlayır. Danışır yox haa başlayır. Deyir nolajax əryən vaxtlarımdı, Ceyrançöldə qoyuna gedirdim. Qoyun otaranda bir çobanla tanış oldum. Arada sürüləri yaxınlaşdırıb bir araya gəlirdik. Adətim üzrə qoyun otarmağa gedəndə həmişə özümlə oxumağa kitab götürərdim. Bir gün çoban mənə dedi oğul Sənə balaca bir kitab verəcəm Sən Onu oxu. O kitab Ağamalı Sadiq Əfəndinin “şairin ilk kitabı” seriyasından çıxan ilk kitabı idi. Ağamalı Sadiq Əfəndi ilə əyani olaraq ilk tanışlığım ordan başlayıb deyir. Xəqani, bu faktı mən heç də təsadüf hesab eləmirəm. Qazaxda çoban nə gəzir? Sənin o çoban dediyin Allah bilsin kim olub, tanımırıq deyə biz Ona çoban deyirik. Nə isə bu məsələdə Qılınc Qurbanın öz mülahizəsi var.
Gələk ind Qaraçöpə. Qaraçöp Türk törəsinin diri qaldığı elə yerlərimizdəndir ki, ora təkcə məkan adı bildirmir. Qaraçöp həm də keyfiyyət bildirir. Adam Qaraçöplüdürsə demək mərddir, etibarlıdır, törəyə sadiqdir. Xaqani Qayıblının dəyəri bir də bu keyfiyyətlərin daşıyıcısı olmağındadır. Köksünü qabardıb, gözünü yaşardan Qaraçöp haqqında Xəqaninin himn kimi səslənən çox bəyəndiyim bir şeri var.
Bu torpaq mənimdir, bu vətən mənim
Ölsəm, büküldüyüm bu kəfən mənim.
Naxışı qeyrətdən bu çəmən mənim…
Yorulmaz vəsfində dilim, Qaraçöp!
Ayrılıq içimi didib – dağıdır,
Ömrümün köyrələn – oxax çağıdır…
Hər daşı tarixin bir varağıdır –
Dil açar toxunsa əlim, Qaraçöp!
İstərsən bağışla, istərsən qına
Uduzduq zamanın zalım oynuna…
Gedən oğulların dönə qoynuna,
Səni çəkməyəsən zulum, Qaraçöp!
Həyat kələyindən sirr açan gündən,
Ən böyük itkimlə barışan gündən –
Anam torpağına qarışan gündən
Çiçəyim – Qaraçöp, gülüm – Qaraçöp!
Ağlasam, gözümün yaşı sən oldun,
Danışsam, sözümün başı sən oldun…
Dünya bir üzüksə, qaşı sən oldun
A mənim qeyrətli elim, Qaraçöp!
Xaqani, düşübdür qəza baxtına…
Ömür vəfa edə bir az vaxtına!
Tanrı baxtavarlıq yaza baxtıma –
Gəlim qucağında ölüm, Qaraçöp!
Xaqani - Qaraçöplü, Qazaxlı olduğu qədər də Qarayazılıdı, Qaraqoyunludu, Qarabağlıdı.Təbrizlidir, Dərbəndlidir, Göyçəlidir.
Xəqani bu gün mənim üçün həm də yarası hoylu qalan Arif Acaldı, Arif Əmrahoğludu, Ayvaz Əlləzoğludu. İsa İsmayılzadə, Abbas Abdulla, Zəlimxan Yaqub haqqında günlərlə kövrələ-kövrələ danışmaqla bitməyəcək əzizlədiyi xatirələr var sinəsində.
Mənim Xaqani Qayıblının şair kimi qüdrətindən geniş danışmaq fikrim yoxdur. Bu haqda yaxşı olar ki, daha çox ədəbiyyat adamları danışsın. İndi az qala hamı şeir yazır. Baxırsan ki, şeirdir. Orası-burası, heca bölgüsü, qafiyəsi, strukturu – hər şeyi yerindədir, ancaq nəsə möhkəm çatışmamazlıq var. Bax o “nəsə” dediyimiz şeirin canını təşkil edən, hər şairin yaza bilmədiyi yerləridir. Xaqani Qayıblı şerin həmin yerlərini yazır. Xaqaninin yaradıcılığında ilahi bir güc, qüvvə, enerji var. Və bunun mayasında Xaqaninin dastanlarımızdan, nağıllarımızdan, bayatılarımızdan, qım-qımılarımızdan gəlməyi durur. Nəqşibəndi meyxanalarının insana cezv məqamı yaşadan ilahi ritmi durur....
Xaqani Qayıblı təpədən dırnağa el-elat adamıdır. Xalq ruhunun incəliklərini-içinin gövhərini bilən adamdır. Yaylaq kültürünü bilmədən Qaraçöpü bilməzsən deyib oğlu ŞərifTuranı bir neçə il ard-arda Borçalı yaylaqlarına-Şamdüyəyə,Sənəkuçana,Əyriqara, Sərxana… göndərdi. Doğrudan da Qaraçöpü yaylaqsız təsəvvür etmək mümkün deyil. Yadımdadır Qaraçöpün yaylaq köçü başlayanda 15-20 gün yollardan gediş-gəliş dayanardı. Qabaqcan qoyun-quzu, mal-qara yola düşərdi. Adəti üzrə köç zamanı qoyun sürüləri – sağmal, suvoy qoyun, toğlu, quzular ayrı, çıxdaş-arıq mallar, doğmaq ərəfəsində olan inək və camışlar köçün arxasınca aparılardı. Buzov və kalçaların ipləri-çatıları boğazına dolanar, sağlam naxıra qatılardı. 7-10 yaşlı körpələr (uşaqlar) atın tərkində, bir qədər iri yaşlılar çamışların belində oturardılar. Hər ailənin də öz sınaqlı günləri olardı ki, onların köçü həmin gün qalxardı. Zəhmli çoban itlərinin müşayəti ilə üç gecə-dörd gecə yol gedərdilər. Dünya görmüş qocalar, çobanlara qoşulub qabaqla gedərdilər ki,yolda cavanları davadan-şavadan uzaq olsunlar. Ziyan görmədən köçü yaylağa çatdırmaq xoşbəxtlik sayılardı. Dəyələrin qurulması qaydaları və ümumiyyətlə yaylaq estetikası haqqında aylarla danışmaq olar. Dəyərli folklorşünas alimimiz Elxan Məmmədlinin atası, Dədə Qorqud boylarının ən mahir tədqiqatçılarından olan Hüseynqulu Məmmədlinin “Görüm Faxralının biri olsun beş…” kitabı bu mənada əvəzsiz bir xəzinədir.Mütləq tapıb oxuyun. Sözüm Onda yox indi kim inanar ki, Avropanın göbəyində böyüyən ŞərifTuran Əfəndi yaylaq həyatını, yaylaq estetikasını atasından da məndən də yaxşı bilir.
Qızı Aybikə ixtisasca antropoloqdur. Avropanın nüfuzlu alimlərindən olan, Peter Toropun tələbəsidir. O Peter Torop ki, bizim Arif Acalın da yaxın dostu və qurup yoldaşı olub. Xaqani deyir qızım bir monqol rəfiqəsi ilə Monqolustana gedir, oradan bir şəkil göndərir ki, ata bu gördüyün bir Türk abidəsidir. Deyir, dedim ay qızım bu Tonyukuk abidəsidir. Qızım ağlaya-ağlaya qayıtdı ki, dünyada elə yer varmı ki, mən Səni orada tapmayam, ata? Xaqani Qayıblının bulaq gözlü balalarının hər birinnən bağlı yüzlərlə bu cür detallar söyləmək olar. Budur Xaqani Qayıblının böyüklüyü.
Xaqani Qayıblı milli davası, yolu, əqidəsi, mübarizəsi, prinsipləri olan adamdır. Bütöv Azərbaycan davasına könül verib, Turan sevdası ilə yaşayanlardandır. Borçalıda əli tutanın böyük şəhərlərə köçü başlayanda Xaqani Qayıblının doğma yurdu Qaraçöpdə ev tikdirməyi bu mənada olduqca böyük anlam daşıyırdı. Hansı ki, həmin evin xımına ilk palçığı mən atıb ilk xeyir duasını mən vermişəm. Yeri gəlmişkən bu bəxtəvərliyi mənə yaşatdığı üçün Xaqani Qayıblıya ayrıca minnətdaram. Həmişə işlətdiyim bir söz var: Xaqaniyə sevginin özü də Vətəndir. Dğrudan da belədir. Sevgisi olmayanın Vətəni olmur.
Canım ay Xəqani!
Burnuna yovşan qoxusu gələn qurd, ulaya-ulaya qıpçaq çöllərinə baş alan kimi, Sənin də qulağına saz səsi, burnuna yurd ətri gəldimi teyim-teyim yönü Vətən sarı teylənirsən. Hələ Qaraçöpdə söz də çıxardıblar ki, Xəqaninin şəxs uçağı var. Yoxsa biletə pulmu çatdırmaqmı olar. 60 yaşın tamam olur! Belə bir gündə nə billah eləsəm də Sənə beş-üç kələmə şux ovqatlı təbrik yaza bilmədim. Görünür nəinki hər yazının, hətta xırda bir təbrik mətninin də öz taleyi varmış. Səninlə bağlı bir də bilirsənmi yadıma nələr düşdü?
Yeni təmirdən çıxmış ata ocağında bizə bir köhnə qapı tutacağı göstərdin. Dedin bu tutacaqda anam Şərifə xanımın əlinin izi var deyə bunu dəyişmədim.... ´
Ağamalı Sadiq Əfəndinin 70 illiyində səhər tezdən qəbir üstünə ziyarətə çıxırdıq. Estoniya hara, İncə dərəsi hara? Gələndə gördük ki, Sən ordasan. M. İlqarın atası Mədəd müəllimin yasına da hamıdan qabaq Sən özünü yetirdin. “Usdadın bu halında gəlməsəm ayıb olardı” – dedin. Oğuz Ayvazın toyuna burdan-bura biz gedəmmədik... Yenə Sən gəldin.
Həmişə deyib-gülən, möhkəmnən şeir deyən, saz çalan Xaqani bir dəfə əyilib başını çiynimə qoyub hönkür-hönkür ağladı. O günü mən də yağmağa hazırlaşan bulud kimiydim. Qoşalaşıb xeyli ağlaşdıq. O qədər ağlaşdıq ki, göz yaşımız quruyanda bizə baxan dostlarımızdan utandıq. Ayə bu Borçalı kişilərində nə xəsyətdi axı, göz yaşları ovuclarının içində olur. Yurd həsrətiydi bizi ağladan. Borçalıydı, Təbriziydi, Göyçəydi... bizi ağladan. Yurd üçün ağlmaq, ağlaya bilmək nə gözəldir ay Xaqani. Fərəhi bir ömrə sığmır. O ağlamaq bizi böyüdən ağlamaq idi. Nədənsə bu gün də təbrik əvəzinə ağlamaq keçdi könlümdən. Səni bağrıma basıb ağlamaq. Bağışla məni Xaqani. Onsuz da bir umuddur yaşamaq. Özgə heç nə.
Həmid ORMANLI