Araşdırmada oxucular türk xalqlarının yaşadıqları geniş coğrafiyaya “səyahət” edirlər
Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Türk xalqları ilə bağlı yeni kitab işıq üzü görüb.
"Sherg.az" xəbər verir k, kitabı Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova nəşrə hazırlayıb. Nəşrin redaktoru Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimovdur. Kitabda dünyanın müxtəlif yerlərində yaşayan türk xalqları ilə bağlı qısa xülasələr yer alıb. Araşdırmada oxucular türk xalqlarının yaşadıqları geniş coğrafiyaya “səyahət” edirlər. Nəşrdə vurğulanıb ki, türklər dünyanın müxtəlif yerlərində yaşayıb və böyük izlər qoyublar. Türk xalqları dünyanın ən qədim və köklü xalqlarından biridir, böyük tarixi və mədəni irsə malikdir. Başqa xalqlar müəyyən ərazidə yaşadıqları halda, türklər dünyanın müxtəlif yerlərində yaşayıblar və hazırda da yaşamaqdadırlar. Həmçinin türklər böyük-kiçik bir çox dövlətlər qurublar. Nəşrdə dünyada təxminən 300 milyondan çox türkün yaşadığı vurğulanır. Bildirilir ki, qloballaşma və digər dünya xalqları ilə inteqrasiyanın genişlənməsi türklərin öz tarixi yerlərindən daha geniş ərazilərə yayılmasına səbəb olub. Bu gün türkdilli xalqlar müxtəlif qitələrdə yaşayırlar. Qeyd olunub ki, türklər Orta Asiya, Qafqaz, Aralıq dənizi, cənubi və şərqi Avropa, şərqi Rusiya və bir çox başqa yerlərdə yaşayıblar. Hətta türk dilində danışan etnoslar Amerikada, Şimali Avropada, Çində də yaşayıb. Bildirilib ki, türklərin ən çox yaşadığı ölkə Rusiya və Türkiyədir. Kitabda türk xalqlarının hər biri haqqında ayrıca məlumatlar da verilib.