Kitablar AĞLADI: Beynəlxalq Kitab Sərgisinə bu dəfə maraq olmadı

"Bütün kitabçılar narazıdır, sadəcə, həmişəki kimi, susmağa üstünlük verirlər"


  10-cu Bakı Beynəlxalq Kitab Sərgisi öz işini davam etdirir. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilir. Builki yubiley sərgi dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilib. Sərgi çərçivəsində ümumilikdə 327 tədbir keçiriləcək. Hazırda 4 qitəni təmsil edən 19 ölkədən 47 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə sərgidə iştirak üçün qeydiyyatdan keçib. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrdən tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər. Budəfəki sərgi üçün də zəngin proqram tərtib olunub.
Kitab bayramı çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil edilib.
  Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgisi təkcə kitab satışının təşviqi deyil, həm də ədəbiyyat, mədəniyyət və elmin bir platformada birləşməsi üçün əhəmiyyətli bir məkandır. Sərgi, yerli və beynəlxalq nəşriyyatlar, müəlliflər və oxucular arasında mədəni mübadilə imkanı yaradır. Hər il bu sərgiyə dünyanın müxtəlif ölkələrindən iştirakçılar qatılır, bu da beynəlxalq kitab bazarının genişlənməsinə və mədəniyyətlər arasında əlaqələrin möhkəmlənməsinə kömək edir. Bu cür sərgilər cəmiyyətin mədəni inkişafında və gənclərin biliklərinin artırılmasında əhəmiyyətli rol oynayır. Sərgi ədəbiyyatsevərlərə, yazıçılara və mədəniyyət xadimlərinə bir araya gəlmək, müzakirələr aparmaq və yeni ideyalarla tanış olmaq imkanı yaradır.
Lakin bununla belə, ictimaiyyət üzvləri 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin təşkilatçılığından və sərgiyə göstərilən maraqdan narazı qalıb. 
  Millət vəkili Fazil Mustafa Expo Mərkəzdə təşkil olunan Beynəlxalq Kitab Sərgisinə qarşı marağın bu qədər az olmasının üzücü hal olduğunu deyib: “Sərgidə olarkən mən də gördüm ki, canlanma ötən ildəkindən çox aşağıdır. Bəlkə daha geniş təbliğat aparmaq olardı. Evə gələrkən baxdım ki, üst-üstdə 62 kitab almışam, 10 kitab bağışlayıblar, ayrı-ayrı satıcı və ya naşirlərin istəyi ilə 45-50 foto çəkdirmişəm”.

  "Əli və Nino" kitab mağazası şəbəkəsinin rəhbəri Nigar Köçərli isə “Sherg.az"a açıqlamasında deyib ki, 10-cu Beynəlxalq Kitab Sərgisi həddən artıq sönük keçir

- Bunu deməkdə bir az tərəddüd edirəm, çünki bu işin arxasında xeyli insan əməyi dayanır. Amma bu, faktı dəyişmir. Ötən illə müqayisədə ciddi fərq var. Keçən il ilk gündən dəhlizlər belə adamla dolub-daşırdı. 
Biz, "Əli və Nino" olaraq, bu il çox irimiqyaslı hazırlıq etdik. “Qanun” Nəşriyyatı ilə birləşdik, 30000 kitabla qatıldıq. Endirimləri daha da artırdıq. Bu il məhsul çeşidimiz olduqca yaxşıdır. Amma sərgiyə gələn insan sayı çox azdır. Böyük kitab stendlərində vəziyyət ürəkaçan deyil, kiçik kitab stendləri isə demək olar ki, boş-bekar oturub. Bütün kitabçılar narazıdır, sadəcə, həmişəki kimi, susmağa üstünlük verirlər.  Biz yaxın günlərdə Koroğlu m/s mağazamızda kitab sərgisi keçirdik. 10 gün davam edən sərgiyə ən azı 30-40 min adam gəldi. İzdiham idi!
Burada niyə belədir, anlamıram. Bəlkə, nazirlik təbliğatı çox zəif etdi?

Şair Aqşin Yenisey də ölkədə keçirilən Beynəlxalq kitab sərgisinə cəmiyyətdə heç bir maraq olmadığından şikayətənib: