Almaniyada gecə temperaturu rekord həddə çatdı

Almaniyada havanın temperaturunun ötən gecə 29,4 dərəcəyə yüksəlməsi ilə ölkədə meteoroloji müşahidələr tarixinin ən isti gecəsi qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya Meteorologiya Xidməti məlumat yayıb.

Rekord göstərici Saksoniyanın şərqində yerləşən Kubşüts icmasında qeydə alınıb.

Səlahiyyətli qurumun hesabatına əsasən, iyunun 27-də ölkə ərazisində mütləq temperatur rekordu yenilənərək 41,5 dərəcəyə çatıb. Anomal hava şəraiti səbəbindən Almaniyada temperatur göstəriciləri ardıcıl ikinci gündür ki, maksimum həddi keçir. Ötən gün isə Saarbrükken-Burbax stansiyasında termometrlər 41,3 dərəcə istini göstərib.

Sinoptiklər iqlim böhranı ilə əlaqədar bu cür ekstremal hava dalğalarının ölkədə daha tez-tez müşahidə olunacağını proqnozlaşdırırlar. Mövcud vəziyyətlə bağlı ilk növbədə şərq və qərb bölgələrində güclü tufan, həmçinin fırtına riski barədə xəbərdarlıq edilib.