Ekologiyanın qorunması çağırışlarla düzələsi məsələ deyil - EKOLOQ

Bakı şəhərində əhalinin adambaşına 50 kv.metr yaşıllıq düşməlidir. Şəhər mühitində. Amma təəssüf ki bu rəqəm 10 dəfədən də azdır

Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva əhaliyə 5 iyun Ümumdünya Ətraf Mühit Günü ilə bağlı keçiriləcək tədbir və ekoloji aksiyalarda iştirak üçün çağırış edib. U.Tağıyeva Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində "Təbiətdən ilham alaraq.

İqlim naminə. Gələcəyimiz naminə" şüarı altında keçiriləcək tədbirlə bağlı çıxışında bildirib ki, kampaniyanın əsas məqsədi iqlim dəyişiklikləri və ətraf mühitin mühafizəsi istiqamətində ictimai iştirakçılığı təşviq etmək, hər bir fərdin və təşkilatın töhfəsinin mühüm dəyişikliklərə səbəb ola biləcəyini nümayiş etdirməkdir: "Qlobal kampaniya çərçivəsində dövlət qurumları, özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri və vətəndaşlar müxtəlif ekoloji təşəbbüslərlə iştirak edə bilərlər. Bu fəaliyyətlərə ağacəkmə aksiyaları, ətraf mühitin təmizlənməsi tədbirləri, maarifləndirici görüşlər, sərgilər, ictimai müzakirələr, açıq hava tədbirləri və digər ekoloji təşəbbüslər daxildir". İyunun 5-də Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü adlı tədbir çərçivəsində açıq havada xüsusi zonalar təşkil olunacaq və həmin məkanlar ictimaiyyət üçün açıq olacaq. Vətəndaşlar açıq hava sərgiləri, maarifləndirici fəaliyyətlər və müxtəlif ekoloji təşəbbüslərdə iştirak edə biləcəklər. Eyni zamanda dövlət qurumları, şirkətlər, qeyri-hökumət təşkilatları və digər tərəfdaşlar da öz ekoloji layihə və təşəbbüsləri ilə tədbirdə iştirak etməyə dəvət olunurlar.

Ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ekologiyanın qorunması çağırışlarla düzələsi məsələ deyil: 

- Çağırışarla düzələsi olsaydı, nə vardı ki. Xoş halımıza olardı. Amma belə deyil. Ağaclar kəsilir, yerində binalar tikilir, yaşıllıqlar məhv edilir. İri gövdəli, çoxillik ağacların əvəzinə alçaq boylu, dekorativ kollar əkilir. Bununla da guya yaşıllığı bərpa edirlər. Bakı şəhərində əhalinin adambaşına 50 kv.metr yaşıllıq düşməlidir. Şəhər mühitində. Amma təəssüf ki bu rəqəm 10 dəfədən də azdır. Əgər bu gün ölkə əhalisinin yarıdan çoxu paytaxtda məskunlaşıbsa, deməli bu göstərici çoxdan pozulub. Elmi-tədqiqat institutunun əməkdaşı olaraq biz təkliflərlə çıxış edə bilərik. Təklifimizi biri budur ki, ağacın funksiyası nədir, nəyə xidmət edir, niyə yaşıllıqlar qorunmalıdır, bunları orta məktəbdə uşaqlara öyrətmək lazmdır. Ağacın funksiyasını bilmir uşaqlar. Ağaca sadəcə yaşıl bir əşya kimi baxırlar. Uşaqlara başa salmaq lazımdır ki, ağac insanı yaşadır, oksigen verir, alıb-verdiyimiz nəfəs havadan asılı deyil təkcə. Ağacların yarpaqları fotosintez prosesi əmələ gətirir. Karbon qazını alıb əvəzində oksigen verir. Kim bir yarpaq qoparırsa, bu prosesə zərbə vurmuş olur. Atmosferdəki havanın tərkibində oksigen cəmi 20-23 faizdir. Amma yetkin bir ağac il ərzində təxminən 100-120 kiloqram oksigen istehsal edir. Bu miqdarda oksigen 3-4 nəfərlik bir ailənin bir illik tənəffüs ehtiyacını qarşılamaq üçün kifayət edir. Deməli, kim bir ağacı kəsirsə, bir ailənin nəfəsini, təmiz havasını əlindən alır. Bu, cinayətdir. Amma ağac kəsənləri cərimə edirlər, bununla da iş bitir. Ağac kəsildi, məhv oldu, yerində bina tikildi. Ağacların qorunması təbliğatı ildə bir dəfə yox, il boyu, fasiləsiz aparılmalıdır. Həm efirdə, həm məktəblərdə, cəmiyyətdə. Qocadan cavanadək hamı düşünməlidir, mahiyyəti dərk etməlidir ki, kainat, bu gün yaşadığımız Yer kürəsi yaşıllığın hesabına formalaşıb. Yaşıllıq varsa, həyat var. Niyə o biri planetlərdə həyat yoxdur, çünki ağaclar yoxdur orda.