“Əsl ironiyadır” - Londonda rekord istilərə həsr olunmuş tədbir elə istilərə görə ləğv edildi

Böyük Britaniyanın paytaxtı London şəhərində anomal isti hava səbəbindən ekstremal istilərin təsirlərinə həsr olunmuş tədbir ləğv edilib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, tədbir illik İqlim Həftəsi çərçivəsində keçirilməli idi.

Məlumata görə, London İqtisadiyyat Məktəbi ekstremal istilərin yaratdığı problemlərin müzakirəsi üçün tədbir planlaşdırmışdı. Lakin tədbirin keçirilməsi nəzərdə tutulan, təxminən 100 illik tarixə malik binada kondisioner sistemi olmadığından təşkilatçılar iştirakçıların sağlamlığı üçün risk yarandığını bildirərək tədbiri ləğv ediblər.

İqlim məsələləri üzrə ekspert Kris Anderson baş verənləri belə qiymətləndirib:

“Bu, həqiqətən də ironik vəziyyətdir. Mülayim iqlimə malik zəngin bir ölkədə insanların ekstremal istilərə uyğunlaşmasına kömək etməyi hədəfləyən tədbirin elə həmin istilər səbəbindən ləğv olunması düşündürücüdür”.

Qeyd edək ki, Avropa bu yay ilk güclü istilər dalğası ilə üzləşib. Fransada iyunun 23-24-ü müşahidə tarixinin ən isti günləri kimi qeydə alınıb. Həddindən artıq isti hava şəraiti fonunda ölkədə avtomobillərdə nəzarətsiz qalan dörd uşağın həyatını itirdiyi bildirilir.

Bundan başqa, Fransada çayların həddindən artıq qızmasının qarşısını almaq üçün iki nüvə reaktoru müvəqqəti dayandırılıb.

İyunun 26-da Böyük Britaniyada yeni temperatur rekordu qeydə alınıb. İngiltərənin şərqində havanın temperaturu 36,9 dərəcəyə çatıb.

Almaniyada isə termometrlər 41,3 dərəcə göstərərək ölkə tarixində ən yüksək göstəricini qeydə alıb. İsti hava səbəbindən vətəndaşlara dəmir yolu nəqliyyatından istifadənin məhdudlaşdırılması tövsiyə olunub.

Həmçinin Belçikada yüksək temperatur səbəbindən 1815-ci ildə baş vermiş Vaterloo döyüşünün ənənəvi canlandırılması tədbiri də ləğv edilib.