Süni intellekt nəsli kəsilməkdə olan bitkiləri xilas edə bilərmi?

Süni intellektlə bağlı müzakirələr davam etdiyi bir vaxtda alimlər onun nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinin qorunmasında mühüm rol oynaya biləcəyini bildirirlər.

Sherg.az xəbər verir ki, Botanika mütəxəssislərinin fikrincə, süni intellekt çiçəklənmə dövrlərindəki dəyişiklikləri izləməyə, yeni bitki nümunələrini sürətlə müəyyən etməyə və hətta yüzilliklər əvvəl toplanmış nümunələrdən genetik məlumatlar əldə etməyə imkan verir. Bu texnologiya sayəsində milyonlarla arxiv nümunəsi rəqəmsallaşdırılaraq tədqiqatçılar üçün əlçatan olur.

Alimlər qeyd edirlər ki, qiymətləndirilmiş 70 min bitki növünün təxminən 40 faizi yox olmaq riski altındadır. Bundan əlavə, 330 min növ hələ araşdırılmayıb və təxminən 100 min bitki növünün isə hələ adlandırılmadığı ehtimal edilir.

İngiltərədəki "Kew Royal Botanic Gardens" müəssisəsinin alimi Alexandre Antonelli bildirib ki, rəqəmsallaşdırma və süni intellekt Yer üzündəki biomüxtəlifliyin sənədləşdirilməsi və qorunması üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə, bəzi yeni süni intellekt modelləri bitkilərin müəyyənləşdirilməsində hətta mütəxəssislərdən daha yüksək nəticələr göstərə bilir.

Mütəxəssislər hesab edirlər ki, süni intellektin düzgün tətbiqi gələcəkdə minlərlə nadir və nəsli kəsilməkdə olan bitki növünün qorunmasına ciddi töhfə verə bilər.