"ABŞ Prezident Donald Tramp hər çıxışında “İran bizimlə danışıqlar aparmaq istəyir”, hətta “danışıqlar üçün bizə yalvarırlar” kimi ifadələr işlətsə də, qarşı tərəf Vaşinqtonla heç bir dialoqun olmadığını vurğulayır. Tərəflərin masada oturduqlarına dair məlumar yoxdur. Halbuki, bir neçə dövlət, o cümlədən Türkiyə və Pakistan vasitəçilik təşəbbüsləriylə çıxış ediblər".
Bunu Sherg.az-a açıqlamasında Politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Pakistanın baş naziri Nəvaz Şərif ölkəsinin ərazisində görüşlər təşkil edə biləcəyini açıqlayıb:
"Ancaq Vaşinqton və Tehran Nəvaz Şərifin təklifinə müsbət reaksiya verməyib. Bunun əvəzinə Pakistanda bu ölkənin, o cümlədən Türkiyə və Misir xarici işlər nazirlərinin görüşü planlaşdırılıb. Bu 3 dövlət müharibəni dayandırmaq üçün müzakirələr aparacaqlar. Ancaq bu müzakirələrin də müharibə aparan tərəfləri masaya oturmağa sövq edəcəyini söyləmək çətindir. Məsələni qəlizləşdirən Pakistanın özünün də Əfqanıstanla münaqişə içərisində olmasıdır. Türkiyə bu iki dövlət arasında bir neçə dəfə vasitəçilik etsə də, gərginlik azalmayıb. İki ölkə arasında silahlı toqquşmalara ara verilsə də, İslamabadla Kabil arasındakı mübahisəli məsələlər həll olunmayıb. Digər tərəfdən İslamabad Səudiyyə Ərəbistanının strateji müttəfiqidir və İranın bu ölkəyə qarşı raket zərbələrini qətiyyətlə pisləyib. Yəni Vaşinqton hansısa məqamda İslamabadınn vasitəçiliyini qəbul etsə belə, Tehranın müzakilərin Pakistanda həyata keçirilməsinə razılaşacağı sual altındadır".
Politoloq qeyd edib ki, yaxın Şəqdəki müharibələr müxtəlif dövlətləri hərbi xərcləri artırmağa vadar edib:
"Bu arada, Pakistanın rəqibi Hindistan Rusiyadan yeni S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünü də əhatə edən təxminən 25 milyard dollar dəyərində hərbi satınalma planını təsdiqləyib. Maraqlıdır ki, Hindistan Fransanın Rafael qırıcı təyyarələrinin, o cümlədən Boeing P-8I kəşfiyyat təyyarələinin alınması üçün 40 milyard dollar dəyərində sazişi də təsqiqləyib. Buna baxmayaraq, Hindistan Rusiyadan hava müdafiə sistemləri ilə yanaşı bu ölkədən pilotsuz uçuş aparatları almağı da planlaşdırır. Eyni ilə Çin də həm hərbi büdcəsini artırır, həm də hərbi texnika istehsalını modernləşdirməyə çalışır".