Xəzər dənizi quruyur: 30 min hektar yeni quru sahəsi yarandı - Ekoloqdan SOS

  • Dənizin geri çəkilməsi canlı aləmi məhv olmaq təhlükəsi ilə üz-üzə qoyur

Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb.

Bu sözləri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edərkən söyləyib.

Dövlətimizin başçısı mövcud tendensiyanın davam edəcəyi təqdirdə, nəticələrin fəlakətli ola biləcəyini vurğulayıb. O qeyd edib ki, dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür: “Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil ərazilərində insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin gerilədiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahil infrastrukturu ilə bağlı problemlərin olduğunu görürük. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə Xəzərin Azərbaycan hissəsində təxminən 30 min hektar torpaq sahəsi əmələ gəlib”.

 “Yaşıl Dünya” Ekolonji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Sherg.az-a açıqlamasında bdirib ki, Xəzər dənizində dayazlaşma regionun qarşılaşdığı ən ciddi ətraf mühit problemlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, bu prosesin əsas səbəbləri sırasında qlobal iqlim dəyişikliyinin fəsadları: temperaturun yüksəlməsi, buxarlanmanın artması və dənizə tökülən çayların, xüsusilə Volqa çayının gətirdiyi suyun həcminin azalması dayanır:

“Xəzərin qapalı su hövzəsi olması onu iqlim dəyişikliklərinə və su balansındakı dəyişikliklərə qarşı daha həssas edir. Dənizin səthinin 20 min kvadratkilometrdən çox azalması və Azərbaycanın sahilində təxminən 30 min hektar yeni quru sahəsinin yaranması problemin miqyasını aydın göstərir. Suyun çəkilməsi ilk növbədə Xəzərdə yaşayan balıqların, su quşlarının və digər canlıların təbii yaşayış mühitini daraldır. Xüsusilə nərə balıqlarının, suitilərin və digər həssas növlərin qidalanma, çoxalma və miqrasiya imkanları təhlükə altına düşür. Su səviyyəsinin azalması nəticəsində körfəzlər, bataqlıqlar və sahilyanı ekosistemlər dəyişir, bəzi ərazilərdə torpaqların şoranlaşması və qurumuş dəniz dibindən tozun yayılması riski artır. Bu vəziyyət təkcə təbiətə deyil, balıqçılığa, limanların fəaliyyətinə, gəmiçiliyə, turizmə və sahilyanı infrastrukturun inkişafına da mənfi təsir göstərə bilər”. Ekoloq bildirib ki, problemin həlli üçün ilk növbədə Xəzəryanı dövlətlər arasında elmi məlumat mübadiləsi edilməli, birgə ekoloji monitorinqlər aparılmalıdır: “Dənizə tökülən çayların su rejimi, su ehtiyatlarından istifadə və hövzədəki antropogen təsirlər kompleks şəkildə araşdırılmalıdır. Su ehtiyatlarının idarə olunmasında daha səmərəlıi metodlara keçilməlidir. Sahilyanı ərazilərdə biomüxtəlifliyin qorunması, çirklənmənin azaldılması, quruyan bataqlıqların və digər həssas ekosistemlərin mühafizəsi istiqamətində konkret tədbirlər görülməlidir. Fikrimcə, regionu ekoloji fəlakətə sürükləyən Xəzərin dayazlamşasını yalnız bir ölkənin səyləri ilə dayandırmaq mümkün deyil, çünki bu, bütün Xəzəryanı dövlətlərin birgə fəaliyyətini tələb edən regional problemdir. Ən vacibi isə elmi proqnozlara əsaslanan uzunmüddətli fəaliyyət planı hazırlanmalı, görülən tədbirlərin nəticələri mütəmadi qiymətləndirilməli və Xəzərin qorunması məsələsi dövlətlərin ekoloji siyasətində prioritet istiqamətlərdən biri olmalıdır”. Ekoloq Xəzərin qorunması ilə bağlı maarifləndirici tədbirlərin gücləndirilməsi üçün maraqlı təklif irəli sürüb: “Yaxşı olardı ki, Xəzər dənizinin sahilində yerləşən ölkələrdə “Ekoloji Xəzər Günü” təsis edilsin. Bu günün əsas məqsədi Xəzər dənizinin ekoloji problemlərinə diqqəti artırmaq, onun qorunmasının vacibliyini cəmiyyətə çatdırmaq olmalıdır. Həmin çərçivədə sahilyanı ölkələrdə “Xəzəri qoruyaq” adlı maarifləndirmə aylıqları təşkil edilə bilər. Aylıqlar zamanı əhali arasında ekoloji təbliğat aparılmalı, məktəblərdə və universitetlərdə maarifləndirici tədbirlər, sahilboyu ərazilərdə isə təmizlik aksiyaları keçirilməlidir. Eyni zamanda, Xəzərin səviyyəsinin azalması, su hövzəsinin çirklənməsi, biomüxtəlifliyin qorunması və canlı aləmin məhv olmaq təhlükəsi ilə bağlı ictimai müzakirələr təşkil olunmalıdır. Bu təşəbbüslər Xəzəryanı ölkələrin ekoloji problemlərin həlli istiqamətində birgə fəaliyyətini gücləndirməyə və ortaq məsuliyyət hissini artırmağa xidmət edə bilər. Xəzərin qorunması yalnız dövlətlərin deyil, hər bir vətəndaşın vəzifəsi olmalı, dənizin gələcək nəsillərə sağlam ekosistem kimi ötürülməsi ümumi məqsədə çevrilməlidir”.