Bütün rüsumlardan azad edilib: Ana-oğul Dünya Kubokunda görüşəcək

İspaniya qarşısında Dünya Kubokundakı ilk matçında etdiyi 7 seyvlə turnirin ən böyük sürprizlərindən birinə imza atan Kabo-Verde millisinin 40 yaşlı qapıçı Vozinyanın anası, ABŞ-nin müdaxiləsi sayəsində bazar günü keçiriləcək Uruqvay matçını tribunadan izləyə biləcək.

Sherg.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının azlıq lideri Hakeem Jeffries bildirib ki, Vozinyanın anasına viza verilməsi üçün proses sürətləndirilib və o, bazar günü Mayamidə keçiriləcək oyuna çatacaq.

Məlumatlara görə, bütün rüsumlardan imtina edilib və ana ilə oğulun Mayamidə görüşməsi üçün səyahət planlaması həyata keçirilib.

40 yaşlı qapıçı İspaniya ilə 0:0 bitən oyundan sonra anasının viza və səfər problemlərinə görə matçı stadiondan izləyə bilmədiyini demişdi:

“Vaxtında çatdıra bilmədik. Onun burada olmasını istəyərdim.”

Tramp administrasiyası, viza qaydalarının pozulması riskini əsas gətirərək Kabo Verde Respublikası da daxil olmaqla 50 ölkənin vətəndaşlarından 15 min dollara qədər depozit tələb edir.

Lakin ABŞ Dövlət Departamenti Dünya Kubokunda iştirak edən ölkələrin idmançıları, texniki heyəti və onların birinci dərəcəli yaxınlarının bu qaydadan azad olduğunu açıqlayıb.

Rəsmilər həmçinin Vozinyanın anası üçün əvvəlcədən viza müraciətinin olmadığını, ailəyə kömək məqsədilə birbaşa əlaqə qurulduğunu bildiriblər.

Bildirilib ki, qadının aktiv pasportu yoxdur və hazırda pasportun rəsmiləşdirilməsi prosesi davam edir.

Portuqaliyanın ikinci liqasında çıxış edən 40 yaşlı qapıçı, İspaniyaya qarşı oyunda etdiyi 7 seyvlə böyük diqqət çəkmişdi.

Təxminən 530 min əhalisi olan Kabo Verde turnirin favoritlərindən İspaniyadan xal alaraq tarixinin ən böyük nəticələrindən birinə imza atıb.

Bu performans Vozinyanı qısa zamanda dünya futbolunda tanınan simaya çevirib.

Sosial mediada böyük maraq görən qapıçının Instagram izləyiciləri 50 mindən 9,7 milyonun üzərinə yüksəlib.

Kabo Verde bazar günü Mayamidə Uruqvay ilə qarşılaşacaq.