Qurban Qurbanov: "ÇSKA komandası cavab qarşılaşması üçün iddialı və həvəslidir"

Bolqarıstanın ÇSKA (Sofiya) komandası "Qarabağ"a qarşı UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün çox iddialıdır.

"Report" xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sözügedən matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis sabah onları çətin qarşılaşmanın gözlədiyini bildirib:

"Hər iki komanda üçün çox vacib oyundur. Cavab matçında hər iki tərəf də qalib gəlmək istəyir. Rəqib komanda çox iddialı və həvəslidir. Bu bir daha bizi məsuliyyətli olmağa vadar edir. Hər iki komandanı eyni səviyyədə adlandırardım. Hər iki tərəfin də qələbə qazanmaq ehtimalı var. Düşünürəm ki, azarkeşlər baxımlı görüşə şahidlik edəcəklər. Biz isə ən yaxşı oyunlarımızdan birini nümayiş etdirmək istəyirik".

O, qalib gəlmək üçün Bakıdakı ilk matçdakından daha yaxşı çıxış etməli olduqlarını söyləyib:

"Xüsusu dəyişiklik edəcəyimizi deyə bilmərəm. Amma mərhələni adlamaq istəyiriksə, mütləq Bakıdakından daha yaxşı oynamalıyıq. Rəqib daim oyun planında rotasiyalar edə bilən komandadır".

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da, Bakı vaxtı ilə saat 22:00-da Sofiyada başlayacaq.