Türkiyədə futbol hakimliyi ilə bağlı aparılan araşdırma çərçivəsində Mərkəzi Hakim Komitəsinin (MHK) rəhbər şəxsləri və bəzi hakimlərə qarşı əməliyyat keçirilir.
Teleqraf xəbər verir ki, Antalya Respublika Baş Prokurorluğunun başladığı, daha sonra səlahiyyət üzrə İstanbul Respublika Baş Prokurorluğuna göndərilən istintaq işi çərçivəsində müşahidəçi və şahid ifadələri, ekspertiza rəyləri, telefon və bank əməliyyatları araşdırılıb.
İstintaq çərçivəsində MHK sədri Ferhat Gündoğdu, Türkiyə Futbol Federasiyasının (TFF) Hakimlər və Müşahidəçilər Dərnəyinin İstanbul şöbəsinin rəhbəri Ferdi Karadoruk, MHK sədr müavini Ahmet Şahin, MHK-nın sabiq üzvü Yunus Yıldırım və MHK üzvü Sebahattin Şahinlə bağlı müxtəlif iddialar araşdırılıb.
Onların bəzi hakimləri əsaslandırılmış qərar olmadan hakimlər siyahısından çıxardıqları, oyunlara təyin etmədikləri, müəyyən hakimlərə üstünlük verdikləri, qiymətləndirmə və təyinat proseslərinə müdaxilə etdikləri iddia olunur.
Həmçinin 2022 və 2024-cü illərdə hazırlanan hakim və müşahidəçi siyahılarında qanunsuz dəyişikliklər edildiyi, 2025-ci ildə Riva şəhərində keçirilən qayda imtahanında suallar və qiymətləndirmə prosesinə müdaxilə olunduğu, bəzi hakimlərin imtahan nəticələrinin dəyişdirildiyi bildirilir.
İstintaq materiallarında Ferhat Gündoğdu və Sebahattin Şahin barəsində psixoloji təzyiq (mobbinq) və sənədlərin saxtalaşdırılması, Ahmet Şahin barəsində sənədlərin saxtalaşdırılması, Yunus Yıldırım barəsində mobbinq və şəxsi məlumatların qanunsuz əldə edilməsi, Ferdi Karadoruk barəsində isə mobbinq, vəzifə səlahiyyətlərindən sui-istifadə və etimaddan sui-istifadə ilə bağlı ittihamlar yer alır.
Məlumata görə, araşdırma zamanı bəzi iddialar zərərçəkmiş və şahid ifadələri ilə dəstəklənib, sənədlərin saxtalaşdırılması isə ekspertiza rəyi ilə müəyyən edilib.
Bundan başqa, Ferdi Karadorukun telefonundan əldə edilən görüntülərin araşdırılması zamanı hakim siyahılarının müəyyənləşdirilməsi ilə bağlı Alican Sağlar ilə "Whatsapp" yazışmalarının olduğu müəyyənləşdirilib.
İstintaq çərçivəsində şübhəli şəxslərin saxlanılması və dəlillərin əldə edilməsi məqsədilə onların yaşayış ünvanları, iş yerləri və ofislərində axtarışlar aparılır.