“Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpasında və sonrakı dönəmdə qorunub saxlanılmasında misilsiz xidmətləri olub”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib. Deputat bildirib ki, müstəqil və müasir Azərbaycan dövləti Ulu Öndərdən xalqımıza əmanətdir:
“Bu əmanəti göz bəbəyimiz kimi qorumaq və Heydər Əliyev ideyaları ətrafında sıx birləşərək bu ənənələri qorumaq hər birimizin müqəddəs borcudur. Ümummilli liderin həm 1969-1982-ci, həm də 1993-2003-cü illər ərzində Azərbaycana rəhbərlik etdiyi dönəmlərin hər ikisi, bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənir. Azərbaycan dövlətçiliyinə xidmət hər iki mərhələdə bir-birinə oxşardır, eyniyyət təşkil edir. Ulu öndər Heydər Əliyev Azərbaycanı sovet ittifaqının inkişaf etmiş respublikalarından birinə çevirdi. Ulu Öndərin ən böyük xidmətlərindən biri də bu idi ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsdiq edilməsinə nail oldu”.
Parlament üzvü xatırladıb ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı ilk illərdə, ölkəmizdə bütün sahələrdə tənəzzül var idi:
“Məhz ümçummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, respublikamız dinamik inkişaf yoluna qədəm qoyub. Həmin andan etibarən Azərbaycan dövləti beynəlxalq ictimaiyyət arasında dərin hörmət və nüfuz qazanıb”.