Murad Köhnəqala AYB sədrini müdafiə etdi: "Bu gün də ədəbiyatımızın ocağı başında Anar dayanmalıdı"

"Baxıram, son zamanlar qorilla ehtirası ilə sinəsini yumruqlayaraq öz qorxaq eqosuna sığal çəkmək naminə AYB sədri Anara hücum edənlərin sayı çoxalıb. Xırdaca bir məmur haqda tənqid yazmağa qorxan bu igidlərimiz, "niyə Anar müəllimin sədrlik dövrü uzun çəkdi?" deyə, haray salırlar. Nədi-nədi, bir dəfə Anar öz müsahibəsində deyib ki, məni nə qədər tənqid-təhqir eləsələr də heç bir yazarı məhkəməyə verməyəcəm"
Sherg.az bildirir ki, bu sözləri şair Murad Köhnəqala, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anara qarşı hücumlarla bağlı yazıb. Şair yazısında bildirir ki, AYB sədrinə qarşı bu qədər kinli olmaq, hücumlar etmək ədalətsizlikdir: "Yadımdadı, mərhum prezidentimiz Heydər Əliyev yazıçılarla görüşü zamanı soruşdu ki, bəs, yeni yazıçı-şair gənclər yetişirmi? Adını çəkmək istəmədiyim yaşlı yazarlardan biri tez özünü irəli verib söylədi ki, hörmətli prezident, təssüflə deməliyəm ki, artıq istedadlı gənclər yetişmir, yoxdu, hər şey elə bizimlə bitir. Ancaq Anar dərhal həmin yazarın qısqanc mövqeyinə düzəliş edərək dedi, Heydər müəllim, şəxsən mən pessimizmə ehtiyac duymuram, istedadlı gənclərimiz var, özü də çoxdu. 1997-ci ildə baş tutan həmin görüşdən sonra Heydər Əliyev ilk on nəfər gənc yazara təqaüd verilməsi haqda sənəd imzaladı. Həmin onluqda mənim də adım vardım. Bu gün Anar müəllim, qələmində bir balaca yaradıcılıq işartısı hiss olunan istənilən gəncin Yazıçılar Birliyinə üzv olmağaına şərait yaradır və onları növbə ilə prezident təqaüdünə təqdim edir. Yuxarıdakı xatırlatmanı "Anarın pulu deyil ki, dövlətimizin puludu" deyənlərə çatdırmaq istəyirdim. Yəni, Anar da istədiyi vaxt prezidentə söyləyə bilər ki, ta, təqaüd verməyə istedadlı gəncimiz yoxdu. Dərhal da dayandırardılar. Yerinə düşmüşkən deyim ki, hərdən təqaüd alanların ünvanına yanlış fikirlər də səsləndirənlər olur, ancaq bilin ki, təqaüd alan heç bir yazıçıya sifarişli yazı, yaxud öhdəçilik yüklənmir. 
Anar müəllim təkcə yenilikçi bir yazıçı kimi yox, həm də çoxlu bədii və sənədli filmlər müəllifi, tənqidçi, tarixçi, incəsənət bilicisi, türkçü, nəhayət, ədalətli rəhbər kimi çağımızda yaşayır və tariximizdə parlaq bir sima kimi qalacaq. Anarın uzun sürən sədrliyi haqda bir vaxtlar mən də tənqidi yazılar yazmışam. Ancaq həmin tarixin lentini geri fırladıb baxmışam ki, yanlış düşünmüşəm. Anar, zamanın Xruşşov üşütməsindən üzü bəri, öz həyatı və yaradıcılığı ilə cəmiyətimizə master klass keçən bir ustaddı. Bu gün Anar Azərbaycan ədəbiyatının, eləcə də bütün türkdilli xalqlar ədəbiyatının elit yadrosu, ağsaqqalıdı. Bəli, məhz elə, bu gün də ədəbiyatımızın ocağı başında Anar dayanmalıdı. Anarı yenilikçi, millətçi, türkçü keyfiyətlərinə görə sovet dövründə kifayət qədər hədəfdə saxlayıblar. Ona hücumlar müstəqillik dövrümüzdə də səngimək bilmir. Ancaq nahaqq! Anarı qorumalıyıq. Anarı qoruyaq!".