Uşaqpulu bərpa edilə bilər: Dövlətin buna gücü çatır

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Facebook” səhifəsində uşaqpulu ilə bağlı paylaşım edib. Deputatın sözlərinə görə, oxucuların yazdıqlarından aydın olur ki, onları ən çox düşündürən pensiya və aylıq müavinətlərin artırılması, uşaqpulları ilə bağlı məsələlərdir.

S.Novruzov bildirib ki, hər bir Azərbaycan vətəndaşı firavan və xoşbəxt yaşamağa layiqdir:

“Cənab Prezidentin sosial sahədə həyata keçirdiyi siyasətin əsas qayəsi məhz budur. Bu siyasətin tam mərkəzində Azərbaycan insanı durur. Biz pensiya, aylıq müavinətlər və uşaq pulları ilə bağlı parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə müzakirələr aparırıq. Çalışırıq ki, xüsusilə uşaq pulu ilə bağlı elə bir forma müəyyənləşdirək ki, uşaqların zəruri tələbatlarını qarşılaya bilsin, eyni zamanda ailənin maddi yükünü azaltsın. Mən parlamentdə büdcə müzakirələri zamanı dəfələrlə təqaüdlərin və müavinətlərin, o cümlədən Qarabağ, Çernobl və Əfqanıstan müharibəsi veteranlarının müavinətlərinin artırılması məsələsinə toxunmuşam. Cənab Prezidentə bir daha təşəkkür edirik ki, bu təklifləri nəzərə alaraq 2019-cu ildə bu sahədə bir sıra sərəncamlar imzalayıb".

Ölkəmizdə uşaq pulunun bərpa edilməsi ilə bağlı Sherg.az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, uşaq pulu və digər yardımlarla bağlı problemlər bir vasitə ilə bağlanmalıdır:

İqtisadçı qeyd edib ki, normal cəmiyyətdə hər bir insanın xərcləri müasir dövrün tələblərinə uyğun hesablanmalı və buna uyğun olaraq yardm və ya təqaüd verilməlidir:

“Amma bunun bir adı olmalıdır. Yoxsa ayrıca uşaq pulu, işıq pulu, yanacaq pulu və.s kimi məqamlar qeyd olunmamalıdır. Bu günkü dövrdə vətəndaşların gəliri ilə xərcləri arasında bir uçurum yaranır. Yəni, nə qədər maaş alırsan al, yenə də görürsən ki, həmin məbləğ çatmır”.
 
“Uşaqpulunun bərpa edilib-edilməyəcəyi” sualına gəlincə ekspert bildirdi ki, bu, dövlətin ixtiyarında olan bir məsələdir:

“Düşünürəm ki, hazırda dövlətin kifayət qədər gücü var ki, uşaqpulu bərpa edilsin. Bu məsələnin həlli üçün iqtisadi imkanlarımız da var. Ölkəmizdə uşaqpulundan başqa qlobal problemlər var idi, hansı ki, dövlət onu bir göz qırpımında həll etdi. Məsələn, problemli kreditləri və digər artımları qeyd etmək olar. Bu xərclərin qarşılığında uşaq pulu həll oluna biləcək bir problemdir".