Son vaxtlar gənclər elektron siqaret çəkməyə üstünlük verirlər. Bununla da siqareti tərgidəcəklərini düşünürlər, amma elektron siqaretin səhhətlərinə ziyan olduğunu bilmirlər.
Artıq bir çox ölkələrdə elektron siqaretlərin fəsadları qeydə alınıb. Belə ki, ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsi nəticəsində xəstələnib. Aparılan araşdırmalara görə, iyulun 28-dən etibarən ölkədə qeydə alınan 193 ağciyər və tənəffüs xəstəlikləri elektron siqaretdən istifadəyə görə baş verib.
Mövzu ətrafında fikirlərini Sherg.az-la bölüşən həkim-allerqoloq Şahvələd Məmmədov bildirdi ki, elektron siqaretlər heç də adi siqaretdən fərqlənmir.
Həkimin sözlərinə görə, sadəcə olaraq hər iki siqaret arasında cüzi fərq ola bilər: “Elektron siqaret çəkənlərdə dodaq, yəni ağız boşluğu xərçəngi ehtimalı daha az ola bilər. Buna baxmayaraq həmin siqaret də tüstüdür. Ona görə də hər iki siqaretin riski çoxdur. Ona görə də elektron siqaretin faydalı olduğunu və siqareti tərgitməyə köməklik edəcəyini düşünmək yanlışdır. Düşünürəm ki, istər elektron, istərsə də qeyri-elektron tütün maddələri insan orqanizminə daxil olursa, gələcəkdə böyük fəsadlara yol aça bilər. Sovet dövründə xəstəlik tarixi yazılan zaman “insanların həyat analizi” deyilən qrafa var idi. Bu zaman pis vərdiş kimi siqaret və alkoqollar qeyd olunurdu. Yoxsa biri çaxırın, digəri isə pivənin nisbətən yaxşı olduğunu deyir. Amma siqaret və alkoqollu içkilərin bütün növü insan orqanizmi üçün olduqca zərərlidir”.