Tənqidçidən Kəramət Böyükçölə irad: "Bu, ədəbiyyatı küçə alverinə çevirməkdir"

Gənc yazar Kəramət Böyükçöl yenə parkda kitab satmağa başlayıb. O, əvvəlcə, sosial şəbəkələrdə bu barədə elan verib, sonra səyyar formada metronun Elmlər Akademiyası stansiyası yaxınlığındakı parkda "Səkkizinci gün" romanını satmağa başlayıb. 

Yazar kitabına qiymət də qoyub - bir ədədi 12 manat. 

Bir yazarın öz kitabını bu formada satması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi Feysbuk istifadəçiləri hesab edir ki, ciddi ədəbiyyatla məşğul olan yazar, kitabını bu, formada dəyərsizləşdirməməlidir. Əksəriyyət isə fikirləşir ki, Böyükçölün addımı normaldır. Belə ki, bununla həm piarını aparır, həm kitabını satır, həm də oxu mədəniyyətinə, oxucu sayının çoxalmasına töhfə verir. 



"Qələminə hörmət edən yazıçı kitabını səyyar formada, parklarda, çayxanalarda satmaz"


Ədəbi tənqidçi Əsəd Cahangir isə hesab edir ki, K.Böyükçölün addımı əsl yazıçıya yaraşmayan hərəkətdir. O Sherg.az-a açıqlamasında deyib ki, kitabı səyyar satmaq ədəbiyyatı küçə alverinə çevirməkdir:

"Məncə, bu, yolverilməzdir. Oxucu yaxşı kitabı almaq üçün mağazaya gedir, pul verir, alır. Yazıçı elə yazmalıdır ki, oxucu kitabı almaq istəsin. Yaxşı yazmağın mayasında isə həqiqət dayanır. Əgər müəlliflər həqiqəti yazsalar, oxucular da alıb oxuyarlar. Qələminə hörmət edən yazıçı kitabını səyyar formada, parklarda, çayxanalarda satmaz".

Tənqidçi onu da bildirib ki, belə addımların arxasında gündəmə gəlmək məqsədi də dayana bilər:

“Bəzən yazıçılar bu və ya digər yolla gündəmə gəlmək istəyirlər. Lakin belə ucuz sensasiyaların ömrü uzağı bir həftə olur. Yazıçı oxucu arasında ancaq yaxşı kitab əlaqə yarada bilər”.

Kənan