Yüz illiyini qeyd etməyə hazırlaşan Anadolu Agentliyi loqotipini yeniləyib


2020-ci ildə yaranmasının 100 illiyini qeyd etməyə hazırlaşan Türkiyənin qlobal xəbər agentliyi - Anadolu Agentliyi milli mübarizəyə verdiyi töhfəni və fəaliyyətini formalaşdıran ruhu əks etdirmək üçün loqotipini yeniləyib.

AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi ötən əsrin əvvəllərində milli mübarizənin gərgin vaxtlarında informasiyaya olan tələbatı qarşılamaq və Anadolunun haqq səsini dünyaya çatdırmaq üçün yaradılıb.

Anadolu Agentliyinin baş direktoru Şenol Kazancı yeni loqotiplə bağlı fikirlərini bölüşərək deyib: “Milli mübarizənin çətin vaxtlarında öz missiyasını həyata keçirmək üçün yola çıxan Anadolu Agentliyi 100 illiyinə qlobal xəbər agentliyi olaraq daxil olur. Bu müddətdə bir çox dəyişikliklərə məruz qalan agentliyimizin loqotipini yenilədik. 100 illik yubileyimizlə birlikdə, quruluş hekayəmizə və uğurlarımızla dolu keçmişimizə istinad edərək ay-ulduz nişanlarını da birləşdirdik”.