“İnsan zamanla hər şeyə, bütün itkilərə öyrəşir” - Tələbə-psixoloqlar danışır


"Bəzən uşaqlığında  yaşadığı bir hadisə 50 yaşlı insanın özünüqiymətləndirməsinə təsir edə bilər"


 Heç kim indiyə kimi psixologiyanın tam mahiyyətini izah edə bilməyib.  Bəziləri bu sahəni  sadəcə insanların özünü tanıması kimi qiymətləndirir, bəziləri isə onu fərdlərə və bütövlükdə cəmiyyətə təsir etmə sənəti adlandırır. Bir məsələ dəqiqdir ki, psixologiya kifayət qədər tarixə malik olan bir istiqamət olsa da, Azərbaycanda yeni-yeni inkişaf edir.

Buna baxmayaraq, ölkəmizdəki bir çox ali təhsil müəssisələrində artıq ixtisaslı psixoloqlar hazırlanır. Onların bir neçəsi-Bakı  Dövlət Universitetinin (BDU) Sosial Elmlər və Psixologiya fakültəsinin tələbəsi Ləman Səfərova, Azərbaycan Pedaqoji Universitetinin (APU) Psixologiya fakültəsinin tələbələri Sənubər Nəzərova və Aytac Həsənova ilə həmsöhbət olduq (hər üçü IV kurs tələbəsidir). Onların bəzi məqamlarda fikirləri fərqli olsa da, hər biri suallarımızı səmimi cavablandırdı:

-Ümumiyyətlə, sizə görə psixologiya nədir?



Ləman Səfərova: Bu sualı mənə məktəb vaxtlarında versəydilər, bəlkə də, doğru-düzgün cavab verə bilməzdim. Ancaq indi  əminliklə deyə bilərəm ki, psixologiya mənim üçün hər şeydir. Oxuduqca bu elmin necə böyük bir sahə olduğunu başa düşdüm. Təbii, hələ psixoloq deyiləm. Bunun üçün çox oxumalıyam. Oxuyacam da. Öyrəndikcə əslində nə qədər az şey bildiyimi bir daha başa düşəcəm. Çünki psixologiya, həqiqətən, dəryadır. Həm də ki, psixologiya elə sahədir ki, daim yeniliklər olur. Gərək baş verən tendensiyalardan geri qalmayasan.

- Niyə məhz bu ixtisası seçdiniz?



Sənubər Nəzərova: Adətən belə düşünürlər ki, abituriyentin balı hansı ixtisasa çatırsa onu da seçməlidir. Mən 7-ci sinifdən 11-ci sinifə kimi hüquqşünas olmaq istəmişəm. Ancaq 11-ci sinifdə öz-özümə sual verdim ki, mən bir ömür hüquqşünas kimi çalışa bilərəmmi? Gördüm ki, yox, bacarmaram. Odur ki, bir ömür çalışa biləcəyim ixtisasların siyahısını hazırladım. Həmin siyahıda filologiya, tarix müəllimliyi, jurnalistika kimi ixtisaslar da var idi. Amma başa düşdüm ki, mən məhz psixoloq olmaq üçün dünyaya gəlmişəm. Beləliklə, qəbul imtahanında kodlaşdırma zamanı yalnız psixologiya ixtisasını qeyd etmişdim. 

- Bu ixtisası sizə sevdirən nə oldu?

L.S: Əslində indiyə kim ən müxtəlif sahələrə maraq göstərmişəm. Məsələn aktrisa, vəkil, ingilis dili müəllimi, hətta antropoloq da olmaq istəmişəm. Lakin sonradan məktəb psixoloqumuz məndə bu sahəyə maraq yaratdı və beləliklə, psixologiyaya gəldim. Hərçənd ki, təhsil aldıqca görürəm ki, psixoloqumuz öz işinin öhdəsindən o qədər də uğurla gəlmirdi (gülür).

- Psixologiyanı bilməyiniz gündəlik həyatınızda insanlarla münasibətə necə təsir edir?

-L.S: Əvvəllər xarakterim çox fərqli idi. Konfliktlərə meyilli idim. Acı dilimə görə insanlar  məndən inciyirdilər və sonrada onların könüllərini almalı olurdum. Ancaq indi insanlarla necə münasibət qurmalı olduğumu bilirəm. Çalışıram, onları incitməyim. Bəzən elə olur ki, psixoloq olduğumu unudur və müəyyən mənada kobudluğa, nəzakətsizliyə yol verirəm. Sonradan ixtisasımın özəlliyini xatırlayır və hər hərəkətimə görə məsuliyyət daşıdığımı başa düşürəm. Əslində psixologiya insandan məhz bunu - özünü başqalarının yerinə qoymağı tələb edir. 

-Aytac Həsənova: Psixologiya mənə insanları dinləməyi, özümü onların yerinə qoymağı öyrətdi.

 

-Oxuduğunuz fakültədə təhsilin səviyyəsi necədir? Kifayət qədər ixtisaslı kadr və ədəbiyyat varmı?

-A.H: Məncə, ədəbiyyat kifayət qədər deyil. Xüsusilə də Azərbaycan dilində. Rus, ingilis və türk dilində ədəbiyyat siyahısı daha çoxdur. Lakin nəzərə almaq lazımdır ki, tələbələrin heç də hamısı həmin dilləri bilmirlər. Məhz bu amil bəzən imtahanlarda bizə çətinlik yaradır. 

-S.N: Həm də bəzi müəllimlər var ki, onlar bildiklərini bölüşmək istəmirlər. Sözsüz ki, nəzəriyyə eynidir. Amma praktik cəhətdən hər psixoloqun öz metodu var və adətən onlar bu metodu sirr kimi qoruyur, bölüşmək istəmirlər.  

L.S: Fakültəmdən, dekanımdam, müəllimlərimdən o qədər razıyam ki...Onlardan dərs aldığıma görə özümü çox xoşbəxt hiss edirəm. Əlbəttə, bütün fakültələrdə olduğu kimi, bizdə də tələbələri ixtisasdan soyudan müəllimlər var. Lakin əsl müəllimlərin sayəsində sirlərinə yiyələndiyimiz peşəni hər gün daha çox sevirik. Diyanə İbrahimova, Lalə Cabbarova, Günay Ağayeva, Aynurə Xudanlı, Ramin Allahverdiyev və başqaları məhz belə pedaqoqlardandır. Bu gün də bir sualım olan kimi onlara müraciət edirəm. Sağ olsunlar, əksəriyyəti həmişə əlindən gəldiyi qədər köməklik edir. Onu da deyim ki, ədəbiyyat kifayət qədər çoxdur. Xüsusilə də rus, ingilis və türk dillərində. Güman edirəm ki, Azərbaycan dilində olan ədəbiyyatlar da gələcəkdə daha çox olacaq. 

- Sənubər, səncə, niyə həmin mütəxəssislər bildiklərini bölüşmək istəmirlər?

-S.N: Çox güman, səbəb maddiyatdadır. Onların bəziləri daha çox testlərdən, bəziləri isə psixoanalizdən istifadə edirlər. Yəqin, başa düşürlər ki, öz metodlarını bizə öyrətsələr onlar üçün ciddi rəqibə çevrilə bilərik. 

-Sən həm də “Hədəf” kurslarında psixoloq kimi çalışırsan. Nəzəriyyədə öyrəndiklərinizlə təcrübədə gördükləriniz üst-üstə düşürmü?

-S.N: Üst-üstə düşən, düşməyən məqamlar var. Mənim ixtisasım Təhsildə Sosial psixoloji xidmətdir. Çalışıram, bu sahədə bildiklərimi abituriyentlərlə bölüşüm. Reaksiyalardan aydın olur ki, işimin öhdəsindən gəlməyi bacarıram. 

- Necə düşünürsünüz, niyə psixologiyaya daha çox qızlar maraq göstərirlər?

L.S: Çünki qızlar emosional olurlar. Həm də, ola bilsin, danışmağı və yol göstərməyi daha çox sevirlər (gülür). 

- Son vaxtlar “depressiyaya düşənlərin” əksəriyyəti səbəb kimi sevgi həyatlarındakı uğursuzluğu göstərirlər. Bu məsələyə münasibətiniz necədir?

L.S: İlk növbədə onu  deyim ki, hər məyusluğa depressiya demək olmaz. Depressiya psixi pozuntudur və onun konkret göstəriciləri var. Depressiya diaqnozu qoyulması üçün qeyri-normal dərəcə uzun müddətli əhval pozğunluğu, gündəlik vərdişlərdən həftələrlə imtina edilməsi, yuxu pozuntusu, özünü qiymətləndirmənin aşağı səviyyədə olması və s. kimi göstəricilər lazımdır. Yəni hər ruh düşkünlüyü depressiya demək deyil.  Ona görə də sevgi həyatlarında məyus olanlar, bir zəhmət, bu psixi pozuntunu “mənimsəməsinlər”. Depressiyaya dırnaq içi yanaşmaq olmaz. 

A.H: Məncə, bu, insanların bir-birini yaxşı tanımamasından xəbər verir. Əgər insanlar bir-birlərini kifayət qədər tanısalar belə hallar olmaz. Ümumiyyətlə, sevgidə əsas şərt inamdır. Onu da deyim ki, mən heç vaxt sevməsəm də, sevgiyə inanıram. 

S.N: Sevgi ilkin, yetkin və gecikmiş sevgi olaraq üç qrupa bölünür.  İlkin sevgi yeniyetməlik yaş dövrünə təsadüf edir.  Bu yaşda olanlar emosional tələbat axtarırlar və ailədən kifayət qədər qayğı görmədikdə ətrafa üz tuturlar. Məsələn hansısa qızın oğlana “Mən sənə inanıram”, “Həmişə yanındayam”  deməsi ilə oğlan qıza “aşiq ola bilər”. Əslində isə bu sevgi deyil, oğlanın emosional tələbatının ödənməsidir. Təbii ki, burada cinslər şərtidir. Yəni həm oğlan, həm də qız yeniyetməlik yaşında emosional olur. Ancaq adətən ilkin sevgi aldadıcı və qısa müddətlik olur. Çünki tərəflər hələ öz xarakterlərini müəyyənləşdirə bilmirlər. Nəticədə bir neçə ildən sonra xarakterdə müəyyən dəyişikliklər olanda münasibətlərdə “çat” yaranır. Yetkin sevgi ən ideal mərhələdir. Bu, gənclik dövründə, yəni insanlar artıq bir-birlərini tanıdıqdan sonra olur. Gecikmiş sevgi yaşayan insanların həyatında müəyyən məhdudiyyətlər olur. Tutaq ki, onlar ev alana, iş qurana kimi sevgi haqqında düşünmürlər və nəticədə sevgi təcrübəsizliyi ilə rastlaşırlar. 

- Elə hallar da olur ki, həyatımıza daxil olan insana tez bir zamanda öyrəşir, hətta bağlanırıq. O həyatımızdan çıxanda isə uzun müddətdən yoxluğuna alışa bilmirik...

- S.N: Bəli, belə hallar olur. Əgər kimsə həyatımızdan qəfildən çıxırsa və biz bu itkiyə görə məyus oluruqsa, deməli, o, bizim emosional tələbatımızı ödəyirdi. İkinci bir tərəfdən isə vərdiş məsələsi var. Əlbəttə, hər gün danışdığın, səsini eşitdiyin insanın günlərin bir günü ən yaxşı halda ancaq şəklinə baxmaq ağırdır. İdmandan bir misal çəkim: təsəvvür edək ki, bir idmançının trenajor zalında ən çox sevdiyi bir alət var. Nə vaxtsa zədə alır və bilir ki, həmin alətdən bundan sonra da istifadə etmək ona baha başa gələ bilər. Buna baxmayaraq, hər dəfə gözü həmin aləti axtarır. Dediyim kimi, bu, sadəcə rutindir və o qədər də qorxulu deyil. İnsan zamanla hər şeyə, bütün itkilərə öyrəşir. 

-A.H: Amma mənə elə gəlir ki, sevgi, xüsusilədə də ilk sevgi heç vaxt unudulmur. Xatirələr həmişə sənə həmin insanı xatırladır. 

-S.N: Çünki hər kəs, az qala, bütün ilkləri, o cümlədən də birinci sevgini adətən məktəbli yaşlarında yaşayır. Həmin vaxt saf olduğumuza görə yaşadıqlarımız xatirəmizdə əbədi qalır. Sonradan isə həyatımızı məntiq üzərində qurduğumuza görə baş verənləri tez unuduruq. Əslində “ilklər unudulmur” aksiomu da buradan qaynaqlanır. 

- Maraqlıdır, siz gənc psixoloq kimi depressiyya düşdüyünüz anlarda özünüzə necə kömək edirsiniz?

-S.N: Adətən depressiyaya düşmürəm. Sadacə yüngül ruh düşkünlüyü olur. Yadda saxlamaq lazımdır ki, hər işdə bir müsbət məqam var. Sadəcə bəzən düşdüyümüz vəziyyətlə aramızda emosional bağ o qədər güclü olur ki, biz ancaq mənfiləri görməli oluruq. Belə situasiyalarda səbrli olmağı bacarmaq lazımdır. Tələsik addımlar atmaq olmaz. Abituriyentlərə həmişə deyirəm: “Əgər əlinizdə bir qar topu varsa, onu hansı tərəfə fırladırsan, fırlad böyüyəcək. Çalışıb qarın əriməsini gözləmək lazımdır. Problem də belədir”. 

-L.S: Əvvəla, onu deyim ki, mən hələ özümə psixoloq deyə bilmərəm. Bunun üçün həddindən çox oxumaq lazımdır. O ki qaldı sualınıza, depressiyaya düşməmişəm. Ümid edirəm ki, bundan sonra da belə hal olmaz. Doğrudur, psixoloji zədə aldığım hallar olub. Hətta elə məqamlar olub ki, intihar da ağlımdan keçib. Amma bu da o demək deyil ki, depressiyaya düşmüşəm. Bu kimi hallarda mütləq psixoloqa müraciət edirəm. 

- Özünüz bu sahəni müəyyən qədər bildiyiniz halda psixoloqa müraciət edirsiniz?

-L.S: Əlbəttə. Hər kəsin, elə psixoloqların özünün də psixoloqlara ehtiyacı olur. Necə deyərlər, biz də insanıq. Bəzən cəmiyyətimizdə psixoloqa müraciət edən insana qınaq subyekti kimi yanaşırlar. Mən isə əsla bununla razı deyiləm. Psixoloq həkim, pasiyent isə xəstə deyil. Təəssüf ki, bu gün çoxları psixoloqa müraciət etmək istəmir.

- Sizcə, bu nə ilə bağlıdır?

-L.S: Dediyim kimi, bir çoxları psixoloqa müraciət etməyi özünə sığışdırmır nədənsə. Lakin yeganə səbəb bu deyil. Əsas məsələlərdən biri də odur ki, seansların qiyməti kifayət qədər baha olur. Düzü, psixoloqları da qınamaq olmaz. Axı onlar, məsələn bir terepiyanı öyrənmək üçün neçə-neçə seminarlarda, konfranslarda iştirak edirlər. 

- Ən çox müşahidə olunan hallardan biri də insanların qarşılarındakı şəxsin eqolarının çoxluğundan şikayət etmələridir. Amma çoxları eqonun nə olduğunu heç bilmir.

-S.N: Razıyam. Əslində eqonun üç səviyyəsi var: id, eqo və super-eqo. İd odur ki, insan nəyisə etməyə səy göstərmir, hansısa daxili bir qüvvə ona mane olur. Eqonun mahiyyəti budur ki, insan nəyisə çox istəyir, lakin bəzi məhdudiyyətlərlə üzləşir. İnsan super-eqo halında olanda isə artıq həmin sərhədləri aşır, məhdudiyyətlərdən nə olursa olsun imtina edir. Bu, tamamilə insanın xarakterindən, temperamentindən asılıdır. 

-İnsanlarda bunun hansının olması normaldır?

-S.N: Hər bir insanda həm id eqo, həm də eqo var. Super-eqo isə dediyim kimi, xarakterdən və temperamentdən asılıdır. Elə insanlar var ki, onlar özlərindən başqa hamını düşünür, hər kəsin dərdinə yanırlar. Belələri unudurlar ki, özünü düşünməyənlər heç vaxt xoşbəxt ola bilməzlər. Bəziləri isə, əksinə, ancaq özlərini düşünürlər. Belə hallarda özünümüdafiə mexanizmi işə düşür və insan ətrafdakılardan qaçmağa başlayır. 

- İnsanlarla yaxşı yola getməyin düsturu nədir?

-L.S: Onlarla ünsiyyətdə ölçülüb-biçilmiş, düşünülmüş cümlələrdən istifadə etmək. Məsələn həkimin xəstəsinə “Sən öləcəksən” sözü əvəzinə “Sənin ömrünə az qalıb” deməsi daha məqbuldur. 

A.H: Bunun üçün tərəflər arasında bir-birlərinə qarşı inam olmalı, ünsiyyət əxlaq çərçivəsində qurulmalıdır. 

- İmtahan ərəfəsi həyacanınızla necə mübarizə aparırsınız?

L.S: Əslində o qədər də həyacanlı deyiləm. Əgər belə demək mümkündürsə, imtahanın sisteminin bütün “sirr”lərinə bələdəm. Həyacanlı olanda isə dərk edirəm ki, nə olursa olsun yaxşı nəticə göstərməliyəm. Bu məsuliyyətim mənə əlavə güc verir. Həm də ki, oxuyan tələbələrdən biri olduğumu düşünəm. Bunun ən gözəl tərəflərindən biri də məhz həyacana qapılmamaqdır. 

-S.N: Ləmanın dediyində həqiqət var. Belə ki, həyacan həmişə bilməməzlikdən yaranır. Yəni heç bir tələbə bildiyinə görə həyacanlanmaz. Təcrübələr də göstərir ki, imtahana hazırlaşan tələbənin bilik göstəricisi ilə keçirdiyi stress tərs mütənasibdir. Digər tərəfdən valideynlərin həddindən artıq tənqidi, səhv təlqini tələbədə qorxu və özünəinamsızlıq yaradır. Tələbə düşünür ki, əgər zəif nəticə göstərsəm məni evdə cəzalandıracaqlar. Beləliklə, bildikləri də yadından çıxır. Ümumiyyətlə, valideynlər övladlarına bu cür təsir göstərməməlidirlər. Axı biz ömrümüz boyu bu və ya digər formada imtahan verir, sınağa çəkilirik. Əgər valideynlərimiz haqsız tənqidləri ilə bizdə özünəinamı aşağı səviyyəyə salarlarsa, gələcəkdə heç bir işə baş vurmaz, özümüzü uğursuz insan hesab edərək, “Onsuz da mən bacarmıram” deyərik. 

- A. H: Əslində insan bütün işlərə başlayarkən ilk növbədə özünə “Mən bacaracam” deməlidir. 

-S.N: Bəli. Bu məsələdə özünüqiymətləndirmə amilini də nəzərə almaq lazımdır. Özünüqiymətləndirmənin aşağı olması da, çox olması da ziyandır. Elə abituriyent və ya tələbə var ki, öz gücünə inanmır. Eləsi də var ki, potensialı maksimum 400 bala çatdığı halda özünü ən çox nəticəyə inandırır və sonradan böyük məyusluq yaşayır. Bu, çox pisdir. 

- Bəs özünüqiymətləndirməni necə tarazlaşdırmaq olar?

-S.N: Bunun üçün müxtəlif testlər vasitəsilə özünüqiymətləndirməni hesablamaq lazımdır. Özünüqiymətləndirmə az olanda da, çox olanda da onun səbəblərini araşdırmaq, hətta lazım gələrsə şüuraltına enmək lazımdır. Bəzən uşaqlığında  yaşadığı bir hadisə 50 yaşlı insanın özünüqiymətləndirməsinə təsir edə bilər. Psixoloq konkret səbəbi müəyyənləşdirməli və “X” adlı insanın vaxtı ilə nələrisə səhv dərk etdiyini ona mülayim dillə başa salmalıdır. 

- Bu istiqamətdə digər tələbələrə məsləhətiniz nədir?

-L.S: Öz yaşıdlarıma məsləhət verməyim düzgün olmaz. Yəqin ki, onlar da mənim kimi imtahan təcrübəsinə sahibdirlər. Aşağı kurslara isə demək istərdim ki, hər şey insanın özündən asılıdır. Həyacan uğursuzluq üçün bəhanə deyil. Əgər təkcə imtahanda yox, bütün addımlarda həyəcana qapılan, ciddi təlaş keçirənlər varsa, məncə, onlar mütləq psixoloqa müraciət etməli və ixtisaslı yardım almalıdırlar. 

Kənan Novruzov