Bakı-Sumqayıt yolundakı dəhşətli tıxacın səbəbi nədir? - RƏSMİ CAVAB

Dünən Bakı-Sumqayıt yolunda dəhşətli tıxac yaranıb. Axşam saatlarında Sumqayıt istiqamətinə gedən insanlar 3-4 saata yaxın tıxacda qalmalı olublar. 

Belə böyük tıxacın yaranmasına səbəb Xırdalan dairəsində yolun genişləndirilməsi işlərinin görüldüyü deyilsə də, “Ekologiya postu” deyilən ərazidən Sulutəpə istiqamətinə gedən yolun bağlı olması nın qarışıqlıq yaratdığı iddia olunur. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Sherg.az-a bildirib ki, yolun genişləndirilməsi tədbirləri o cür tıxacın baş verməsi üçün ciddi səbəb deyil: 

“Ümumiyyətlə, Bakı-Sumqayıt yolunda tez-tez tıxac olur. Bu məsələ ilə bağlı Dövlət Yol Polisinin fikirlərini öyrənmək lazımdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolların təhlükəsizliyi və mühafizəsi ilə məşğul olmur. Doğrudur, hazırda Bakı-Sumqayıt avtomobil yolunun  genişləndirilməsi ilə bağlı işlər gedir. Amma işlər elə qurulub ki, heç bir halda nəqliyyatın hərəkətinə mane olmasın”. 

Respublika Dövlət Yol Polisi İdarəsindən isə sorğumuza cavab verilmədi. 

Kənan Novruzov