“Əgər kimsə Feysbukdakı paylaşım problemini hansısa nöqtə, vergüllə aradan qaldıracağını zənn edirsə, yanılır”. Bunu Sherg.az-a açıqlamasında internet-media üzrə ekspert Səbuhi Abbasov deyib.
Ekspert bildirib ki, əslində “nöqtə, vergül” söhbətinin bu qədər geniş yayılmasının səbəbi var:
“Təxminən 3-4 il öncə sosial şəbəkədə bənzər problem gündəmə gələndə birdən-birə rus və ingilis dilində “problemi həll etmək üçün nöqtə, vergüldən istifadə edin” şəklində paylaşımlar meydana gəldi. Bu paylaşımlar sürətlə Feysbukda, hətta Votsap və İnstaqram şəbəkələrində də yayıldı. Kütləvi paylaşıldığı üçün insanlar bunun həqiqi olduğunu zənn etdilər. Əslində isə nə baş verir? Məlumdur ki, Feysbuk dünyanın ən byük sosial şəbəkəsidir. Ona görə də zaman-zaman mərkəzi ofisdə şəbəkə daxili profilaktik tədbirlər aparılır. Məsələ ondadır ki, şirkət rəhbərliyi prafilaktik işlərin sayı, günü və saatı barədə məlumat vermir. Bu, ayda bir dəfə də ola bilər, beş dəfə də”.
Səbuhi Abbasov: “Lazımi məqamda sistemin müəyyən hissəsi dondurulur və saxta profillər silinir, texniki nöqsanlar aradan qaldırılır”
S.Abbasov bir müddət əvvəl Feysbukla bağlı ciddi problemlərin yaşandığını xatırladıb:
“Sosial şəbəkədə saxta profillərin çoxalması, Feysbukun siyasətə və bəzi dövlətlərin daxili işlərinə qarışması və s. məqamlar dünya mediasında, hətta ABŞ Senatında müzakirə olundu. Həmin tarixdən etibarən şirkətdə mütəmadi təşkilati işlərə başlandı. Lazımi məqamda sistemin müəyyən hissəsi dondurulur və saxta profillər silinir, texniki nöqsanlar aradan qaldırılır. Sistem yeniləndikdən sonra yenidən istifadəçilərin ixtiyarına buraxılır. Ona görə də belə problemlər zamanı bir müddət gözləmək lazımdır. Proses 2-3 saat, ən pis halda isə yarım gün çəkə bilər. Lakin son nəticədə işlək vəziyyət bərpa olunur. Birmənalı bilmək lazımdır ki, problemi hansısa nöqtə, vergüllə, yaxud başqa absurd hərəkətlərlə aradan qaldırmaq mümkün və doğru deyil. “Feyk” məlumatlara inanmamalıyıq”.