Qoşqar Hacıyevlə vida mərasimi keçirildi - FOTO - VİDEO

Bu gün Aprel döyüşlərinin iştirakçısı, mərhum qazi Qoşqar Hacıyevlə vida mərasimi keçirilib.

Bu barədə tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu məlumat verib.

Heydər Əliyev Məscidində baş tutan mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar, şəhid ailələri, qazilər və ölkənin tanınan şəxsləri iştirak edir.

Mərhum Qoşqar Hacıyevlə vida mərasimi saat 15.00-da başa çatıb.  Q.Hacıyevlə vida mərasimindən sonra qazinin nəşi Xırdalan qəbiristanlığında dəfn olunmaq üçün oradan götürülüb.

Şəhidin dostları və silahdaşları dəfnə Azərbaycan bayraqları və Qoşqar Hacıyevin şəkilləri ilə bəzədilmiş 150-yə yaxın avtomobillə gedib. Yol boyu bir-birini izləyən avtomobillərin hamısından üç rəngli Azərbaycan bayrağı dalğalandırılıb.

Qeyd edək ki, qəhrəman döyüşçü, mərhum qazi Qoşqar Hacıyev fevralın 10-da gecə saatlarında "Ege hospital"da dünyasını dəyişib.