Azyaşlı oğluna işgəncə verən qadının qardaşı: “Bacımgilin ailələrində problem olduğu üçün...”

Tərtər rayonunun Azadqaraqoyunlu kəndində ananın azyaşlı oğlunu şişlə yandırdığı iddia olunur. Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən uşağın dayısı Pərviz Ələsgərov deyilənləri inkar edib: “Bacımın Rafiqlə nikahdan iki övladı var. Bir övladına qayınatasının adı qoyulduğu üçün ərinin təkidi ilə ailə həyatı qurmayan baldızına övladlığa verib. Bacımgilin ailələrində problem olduğu üçün boşanmaq üçün məhkəməyə müraciət edib.

Bunu bilən həyat yoldaşı gələcəkdə övladlarına görə aliment ödəməmək üçün yalandan polisə müraciət edərək, bacımın övladını şişlə yandırdığını bildirib. Əslində, uşaq bir neçə müddət öncə evdə oynayanda sobanın üzərinə düşmüşdü. Həmin yanıq izi də onda olmuşdu.

Əgər bacım övladını yandırmışdısa, polisə niyə həmin zaman müraciət etmirdi? İndi boşanma məsələsi olanda bunu deyir? Bərdə Rayon Polis Şöbəsində də gördülər ki, bu iddianın əsası yoxdur. Sonradan bacımın əri Tərtər Rayon Polis Şöbəsinə müraciət edib. Bütün kənd bilir ki, o uşaqları biz böyütmüşük. Biz əziyyət çəkmişiksə, bacım övladını necə yandıra bilər?”

Qeyd edək ki, Azadqaraqoyunlu kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü T.D.-ni nadinclik etdiyi üçün cəzalandırıb. O, şişi qaz sobasında qızdıraraq, azyaşlının bud, çanaq, qol və əlinə basıb.

Daha sonra uşağın atası R.Dünyamalıyev hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.