Çindən gələn bağlamalardan qorxmayın! – Onlarda virus uzun müddət qalmır

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərlə bağlı növbəti birgə məlumat yayıb. Çinin Çançun şəhərində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı və Çinin Uhan şəhərində təhsil alan 1992 ci il təvəllüdlü Azərbaycan vətəndaşı fevralın 1-i Uhan-Ankara aviareysi ilə Ankara şəhərinə gəliblər və orada karantinə yerləşdiriliblər. Karantin müddətində Türkiyədə alınan analizlərin cavabları mənfi olub, yəni onların səhhətində heç bir problem aşkarlanmayıb. 

Karantin müddəti bitdikdən sonra Bakıya qayıdan zaman bədənlərinin hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada 1 nəfər qalır. Onun karantin müddəti fevralın 18-i bitir. Vəziyyəti normaldır, heç bir şikayəti yoxdur. 

Qeyd edək ki, Çin hökümətinin yüksək səviyyəli tibbi müşaviri hazırda Çində koronavirusun yayılmasının ən yüksək həddinə çatdığını deyib. Bu isə dünyanı silkələyən virusun hər gün bir az daha sərhədlərimizə yaxınlaşma ehtimalını artır. 



Vüsalə Yaşar: "Koronavirusun əlamətləri adi qrip xəstəliyinin  əlamətləri ilə eynidir: hərarət, baş ağrısı, sətəlcəm və s”


İnfeksionist-hepatoloq Vüsalə Yaşarın "Şərq"ə açıqlamasına görə, 31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində ilk dəfə aşkarlanan,sətəlcəmə və ölümə səbəb olan virusun yeni bir koronavirus növü olduğu bəlli oldu. Sonradan isə Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa COVID-19 adı verib: 

"Koronavirusun əlamətləri adi qrip xəstəliyinin  əlamətləri ilə eynidir: hərarət, baş ağrısı, sətəlcəm və s. Tövsiyyə edirəm ki, yoluxma riskini azaltmaq üçün  hər kəs əllərini sabunla təmiz  yumalı, spirt tərkibli məhlullarla təmizləməlidir. Öskürərkən və ya asqırarkən ağız və burnumuzu təmiz  dəsmal və ya dirsəyimizlə  bağlamalıyıq.  Soyuqdəymə və ya qripə bənzər simptomları olan insanlarla təmasdan mümkün qədər uzaq gəzin! Ət məhsulları və ya yumurtanı yaxşı bişməmiş yeməyin, həmçinin də canlı vəhşi heyvan və ya ferma heyvanları ilə birbaşa təmasdan çəkinin".  

Hələ Azərbaycanda bu virusa yoluxma halının qeydə alınmadığını vurğulayan Vüsalə xanım cəmiyyətdə  təşviş yaradan bir məsələyə də aydınlıq gətirib. Çindən gələn məktub və bağlamaların təhlükəli olmadığını deyən həkimin sözlərinə görə, virus bu nəsnələrdə  uzun müddət yaşamır.