“Türk Ocağı”nın bərpaçıları toplaşdı - FOTOLAR


Təşkilatın gələcək fəaliyyət planı ilə bağlı ətraflı müzakirələr aparılıb


Bugün “Şərq” qəzetinin redaksiyasında Azərbaycan “Türk Ocağı”nın növbəti toplantısı keçirilib. Yığıncaqda Azərbaycan “Türk Ocağı”nın sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, bərpaçılar - Azərbaycan-Türkiyə İş Adamları Birliyi başqanı Cemal Yanğın, tarixçi-alim Firdovsiyyə Əhmədova, Əli bəy Hüseynzadənin varisi Cəmilə Hüseynzadə, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə və “Şərq” qəzetinin baş redaktorunun 1-ci müavini Yusif Nəzərli iştirak ediblər. 


İclasda Azərbaycan “Türk Ocağı”nın gələcək fəaliyyət planı ilə bağlı ətraflı müzakirələr aparılıb. Davamlı və ardıcıl olaraq 31 mart soyqırımı, 28 aprel Azərbaycan Xalq Cümhuriyyətinin işğalı günü, Əli bəy Hüseynzadə, Abdulla Şaiq, Əhməd Cavadın anım günləri və s. məsələlərlə bağlı elmi-praktik konfransların keçirilməsinin zəruriliyi vurğulanıb. Bəyan edilib ki, bu cür tədbirlərin təşkil edilməsində əsas məqsəd türk xalqları arasında mədəni əlaqələri daha da gücləndirmək və gənc nəsli maarifləndirməkdir.

Toplantıda Azərbaycan “Türk Ocağı”nın “turkocagi.az” adlı internet saytının bərpaçılar arasında ilkin təqdimatı da keçirilib. Yaxın günlərdə fəaliyyətə başlayacaq saytın bir neçə bölmədən ibarət olacağı vurğulanıb.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, saytda türk dünyası ilə bağlı mühüm məsələlər, o cümlədən Azərbaycan “Türk Ocağı”nın keçirdiyi tədbirlər, türk ocaqları haqda informasiyalar və türkçülüklə bağlı yazılmış kitabların elektron variantları öz əksini tapacaq.

Saytda Azərbaycan “Türk Ocağı”nın qurucuları və bərpaçıları haqqında məlumatlar da yer alacaq. Müzakirələr çərçivəsində bərpaçılar əlavə olaraq saytla bağlı öz təkliflərini də veriblər. 


Daha sonra Azərbaycan “Türk Ocağı”nın qeydiyyatı ilə bağlı məlumat verilib. Azərbaycan “Türk Ocağı”nın sədri Akif Aşırlı Nizamnamənin hazır olduğunu və yaxın günlərdə qeydiyyat üçün Ədliyə Nazirliyinə təqdim ediləcəyini bildirib. Vurğulanıb ki, Azərbaycan “Türk Ocağı”nın rəsmi qeydiyyatı mühüm layihələrin reallaşmasına imkan verəcək. Daha sonra Azərbaycan “Türk Ocağı”nın fəaliyyəti ilə bağlı ümumi müzakirələr davam etdirilib.