"Onlayn təhsil metodunu tətbiq etmək üçün ilk növbədə bu problemləri aradan qaldırmaq lazımdır"
Millət vəkili Fazil Mustafa orta və ali məktəblərdə dərslərə martın sonunadək ara verilməsi ilə bağlı təklif irəli sürüb. Deputat müəllim-şagird arasındakı canlı təması aradan qaldıran “onlayn təhsil” sisteminin tətbiq olunmasının vaxtının çatdığını söyləyib: “Koronavirusun ən böyük fəsadı təhsilimizə dəyəcək. Orta məktəblərdə və ali məktəblərdə dərslərə martın sonunadək ara verilib.
Bu təxirəsalma müddətinin davam edib-etməyəcəyi indidən bəlli deyil. Ali məktəbə hazırlaşan abituriyentlərin işi daha çətin olacaq. Bunun üçün birinci növbədə onlayn təhsil barədə düşünməliyik. Əksər evlərdə internet var, Rabitə Nazirliyi müəllimlər üçün güzəştli internet qiymətləri tətbiq etməklə, bütün müəllimlərin internet təminatına yardımçı olmalıdır”. Millət vəkilinin fikrincə, müəllimlərin valideynlərlə və şagird-tələbələrlə onlayn əlaqə qurması bu problemi çözməyə imkan verəcək: “Müəllimlər məktəblərdə təmin olunan internet şəbəkəsi üzərindən bu işi daha rahat həyata keçirə bilərlər. Razılaşdırılmış bir neçə ortaq saat müddətində bir sinif və ya qrup üçün günlük dərsləri keçmək mümkündür”.
Millət vəkilinin təklifini “Şərq”ə şərh edən təhsil eksperti Nabatəli Qulamoğlu deyib ki, orta və ali məktəblərdə dərslər olmasa da, hazırlıq kursları onlayn şəkildə fəaliyyətini davam etdirir.
Ekspert vurğulayıb ki, onun nəvələri də onlayn formada müəllimləri ilə əlaqə qururlar: “İnternet üzərindən müəllimlərdən tapşırıqlarını alır və evdən çıxmadan yerinə yetirirlər. Bu, müsbət tendensiyadır və ona görə də Fazil Mustafanın irəli sürdüyü “onlayn təhsil” məsələsini dəstəkləyirəm. Yaxşı təklifdir, amma bunu əvvəlcədən, özü də dövlət səviyyəsində düşünmək lazımdır.
Virus və digər problemlər ortaya çıxdıqdan sonra bu məsələnin gündəmə gəlməsi heç nəyi dəyişmir. Bu sistemi tətbiq etmək üçün hər ev zəruri kommunikativ vasitələrlə təmin olunmalıdır. Təhlükəli məqamlarda evlərə kompüter göydən düşəsi deyil ki?! Əlavə olaraq hamının evində sürətli internet olmalıdır. Onlayn təhsil metodunu tətbiq etmək üçün ilk növbədə bu problemləri aradan qaldırmaq lazımdır”.
N.Qulamoğlu təhsillə bağlı yaranmış problemin o qədər də ciddi olmadığını düşünür:
“Çıxılmaz vəziyyətdə deyilik. Müəyyən qədər zaman var ki, buraxılmış dərsləri tədris edərək boşluğu doldursunlar”.