Novruz Məmmədov: "Mənim xalqım müdrik xalqdır. Əksəriyyət koronavirusa qarşı mübarizə tədbirlərinin mahiyyətini başa düşəcək və düşür də. Xalqım gərəkən lazımi addımları atmağı özünə borc bilir"
Dünyanı ağuşuna alan və bəşəriyyətin baş ağrısına çevrilmiş koronavirus pandemiyasına qarşı Azərbaycanda ciddi preventiv tədbirlər həyata keçirilir. Virusun dünyada yayıldığı ilk günlərdən etibarən ölkəmizdə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondu təsis edildi. Prezident İlham Əliyev bir illik əmək haqqını bu Fonda ianə etdi. Koronavirusun ölkə iqtisadiyyatına təsiri ilə bağlı 1 milyard manat vəsait ayrıldı. Koronavirusla mübarizə ilə əlaqədar Prezidentin Ehtiyat Fondundan 20 milyon manat ayrıldı. Ölkə başçısı bir neçə dəfə xalqa tövsiyələrini ərz etdi.
Heydər Əliyev Fondu virusa qarşı mübarizəyə böyük dəstək verdi. Fond yarım milyonluq yardım göstərdi. Xaricdən tibbi ləvazimatın gətirilməsinə nail oldu. Ölkədə fəaliyyət göstərən iri özəl və dövlət müəssisələri də bu mübarizədə olduqca aktiv iştirak edirlər. Ölkədə xüsusi karantin rejimi elan edildi. Məhz bundan irəli gələrək ciddi izolyasiya tədbirləri reallaşdırılır. Polis və digər hüquq-mühafizə orqanları, həkimlərimiz ciddi iş rejimində çalışırlar. İnsanlara olduqca mühüm məsləhətlər verirlər. Yaşlılara, ahılara və aztəminatlı ailələrə yardımlar edilir. Əlbəttə, bütün bunlar əhalinin sağlamlığının, təhlükəsizliyinin təminatı üçündür. İnsanlardan isə bircə tələb var: zərurət olmadığı halda bayıra çıxma, evdə qal! Bir sözlə, məsələyə məsuliyyətli yanaşıb, əl-ələ verib, ümumilli mübarizədə dövlətə dəstək olaraq bu bəladan maksimum az itki ilə çıxmaq lazımdır. Bu məqsədlə ölkənin bütün media quruluşları səfərbər olub, əhalinin məlumatlandırılma və maarifləndirilməsini layiqincə yerinə yetirir. Bütün media orqanları insanları evdə oturmağa, bayıra çıxmamağa səsləyir. Bu yöndə çağırışlar təkcə Azərbaycanda deyil, bütün dünyada gerçəkləşir. Belə çağırışlar həm təşviş, ajiotaj, panika yaratmayan faktoloji material, videoroliklərlə, həm də cəmiyyətin tanınmış nümayəndələrinin, ictimai fəalların, populyar şəxslərin açıqlamaları, müraciətləri ilə həyata keçirilir. Panika yaradılmadan təhlükənin real olduğu göstərilir. Təşviş aşılanmadan məsuliyyətsizliyin hansı acı nəticələrə gətirib çıxaracağı nümayiş etdirilir. Əfsuslar olsun ki, bəziləri təhlükənin real olduğunu başa düşmür və məsuliyyətsiz davranmağa davam edir. Qaydalar və tövsiyələrə əməl etmirlər. Həmin şəxslərə tövsiyəmiz odur ki, koronavirusa yoluxmamağa zəmanət verən və xəstəliyin acı nəticələrindən müdafiə edən yeganə vasitə evdə oturmaq, infeksiyaya yoluxmamaq və digərlərini yoluxdurmamaqdır. Bu işdə birlik göstərmək zamanıdır. Axı birlik həm də dirilikdir.
Vəziyyəti və görülən qabaqlayıcı tədbirləri dəyərləndirən sabiq baş nazir, Azərbaycan Dillər Universitetinin prorektoru, professor Novruz Məmmədov “Sherg.az”a bildirib ki, koronavirus qlobal pandemiya xarakteri alıb. Onun sözlərinə görə, dünyanın yüzdən çox ölkəsində bu hal özünü göstərir:
“Bu, bir həqiqətdir ki, Azərbaycanda Prezident İlham Əliyev koronavirusa qarşı tədbirlərlə bağlı qərar, göstəriş və tapşırıqlar verib. Bu tapşırıqlar ciddi şəkildə həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Müəyyən nazirliklər koronavirusa qarşı mübarizəyə öz töhfələrini verirlər. Amma əsas məsələ odur ki, gərək, ölkə əhalisi bu işdə özünün intellektual səviyyəsini göstərsin. İndiki halda nəyi, necə edəcəyini aidiyyəti strukturların tövsiyələrindən əxz etsin. Özümüz də gərək hər bir şeyin məsuliyyətini başa düşək. Atdığımız laqeyd addımlarımızın bizi hara aparıb çıxaracağını, hansı acı nəticələr doğuracağını bilək. Kimsə verilən tövsiyə və tapşırıqları lətifəyə çevirirsə, buna yanaşmada qeyri-ciddilik nümayiş etdirirsə, bu, həmin adamın kal olmasından, kamil olmamasından xəbər verir. Təəssüflər olsun ki, ölkəmizdə az da olsa, belə adamlara rast gəlinir. Bu davranış onların dar düşüncəli olmasından xəbər verir. İnsan özünün, yaxınlarının və digər vətəndaşların həyatına laqeyd, məsuliyyətsiz yanaşmamalıdır. Yenə deyirəm, bu, elə bir hadisədir ki, dünya görüşü olan, qəzet oxuyan, radio dinləyən, televiziya xəbərlərini izləyən adam bəşəriyyətdə hansı hadisələrin baş verdiyini görür. Bütün KİV –lər koronavirusun dünyada hansı ağrılı vəziyyətlərə səbəb olduğunu diqqətlərə çatdırır, insanlara təlqin edir. Dünya ölkələrinin liderləri bununla bağlı mövqelərini ortaya qoyurlar. Beynəlxalq təşkilatlar çağırışlar edirlər. Bizə lazım olan odur ki, insanlar məsuliyyətini başa düşüb, hansı addımlar atacağını bilsin. Qayda və tövsiyələrə uymayan, əməl etməyənlər agah olmalıdırlar ki, özləri ilə yanaşı yaxın ətrafı və ya yaxınlarının həyatına təhlükə yaradırlar. Bunu dərk etmək lazımdır. Vəziyyət o həddə çatanda isə peşiman olacaqlar. Amma bizdə yaxşı bir deyim var: “Sonrakı peşimanlıq fayda verməz”. Qaydanı pozanlar, bəlkə, qəsdən edirlər, bəlkə də, hansısa maraqları var, bunu deyə bilmərəm. Amma mənim xalqım müdrik xalqdır. Əksəriyyət koronavirusa qarşı mübarizə tədbirlərinin mahiyyətini başa düşəcək və düşür də. Xalqım gərəkən lazımi addımları atmağı özünə borc bilir. Bu isə hamının vətəndaşlıq, ümummilli həmrəylik və məsuliyyət borcudur”.