"Cəmiyyətimizin bu çətin dönəmdə səfərbər olması və karantin, özünütəcrid rejiminə ciddi riayət etməsi çox vacibdir".
Bunu "Sherg.az"a açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov deyib.
Alim bildirib ki, tarixdən məlumdur ki, ötən əsrin əvvəllərində, eləcə də ondan qabaq Azərbaycanda müxtəlif epidemiyalar olub:
"Tarixi təcrübə göstərib ki, çətinlikləri yalnız cəmiyyətin birgə səyləri ilə, rəsmi qurumların tövsiyələrinə ciddi riayət etməklə dəf etmək mümkün olub. Bu çətin dövrdə mənim diqqətimi cəlb edən məqamlardan biri də bu oldu ki, iş adamlarımız, şirkətlər və sadə vətəndaşlar dövlətin çağırışına səs verdilər. Koronavirusla Mübarizə Fonduna ianələr köçürdülər. Bu çox vacib addımdır. Məncə, yalnız birgə səylərlə hamımız bu çətinliyə sinə gərə biləcəyik"