Fransadakı soydaşımız “Şərq”ə koronadan danışdı: “Nəhəng proyekt icra edilir, yoldadır!

 Qəni Novruzov: «Discovery» layihəsi ilə bağlı müşahidələrin nəticəsi aprelin sonu,mayın əvvəlində bəlli olacaq”

“Fransızlar bunun “bioloji silah” olması ilə bağlı iddiaları əsassız sayırlar. Sosial şəbəkə spekulyatorlarının «elm »inə gülüb keçmək, elmə inamı qorumaq lazımdır”

"Artıq informasiya virusdan tez yayılır və bəzən informasiyanın özü virus effekti verir və panika, gərginlik, stres doğurur”

“Yaş fərqliliyi, gümrahlıq səviyyəsinə əsasən, hər kəs bunu bir şəkildə keçirir. Beləliklə, həyatını itirən də var, ayaq üstə keçirən də var. Özünü qorumaq bir seçimdir, başqalarını qorumaq isə bir borcdur”

“Fransa əhalisi sırf dövlətinin sayəsində bu gün çörək qayğısı haqda fikirləşmir”





Dünyanı cənginə alan və bəşəriyyətin bəlasına çevrilən koronavirus pandemiyasına qarşı Azərbaycanda önləyici tədbirlər həyata keçirilir. Virusun dünyada yayıldığı ilk günlərdən etibarən ölkəmizdə  xüsusi rejim elan edildi. Məhz bundan irəli gələrək ciddi izolyasiya və karantin prosesi reallaşdırılır. Polis və digər hüquq-mühafizə orqanları, həkimlərimiz  ciddi iş rejimində çalışırlar. İnsanlara olduqca mühüm məsləhətlər verirlər. İtaliya, İspaniya və Almaniya kimi inkişaf etmiş Avropa ölkələrinin bu pandemiya qarşısında aciz qalması xalqa faktlarla izah olunur. Yaşlılara, ahılara və aztəminatlı ailələrə yardımlar edilir. Əlbəttə, bütün bunlar əhalinin sağlamlığının, təhlükəsizliyinin təminatı üçündür. Əfsuslar olsun ki, bəziləri təhlükənin real olduğunu başa düşmür və məsuliyyətsiz davranmağa davam edir. Qaydalar və tövsiyələrə əməl etmirlər.

Biz də “Şərq” olaraq pandemiyanın Avropada, konkret olaraq Fransada yaratdığı vəziyyəti öyrənmək məqsədilə bu ölkənin Bezanson şəhərində yaşayan bankinq üzrə mütəxəssis, iqtisad elmləri üzrə doktorant, journalist Qəni Novruzovla əlaqə saxlayıb suallarımızı ünvanladıq. 


- Koronavirusun hansı hallarda yoluxması ilə bağlı Fransa cəmiyyətində, tibbində, səhiyyəsində nə düşünülür ? Fransız həkimlər və bu ölkə ictimaiyyəti bunu nə ilə və necə izah edir…?

-Əvvəlcə, “Şərq” oxucularına uzaqdan da olsa, isti salamlar yollayıram. Fransada da virusun xarakteristikaları ilə bağlı dünyadakı ümumi qəbul olunmuş müşahidələr, xüsusilə elm sektorunda, akademik çevrələrdə, çoxluq tərəfindən təsdiq edilir. Yoluxma, yayılma şəkli, sürəti, simptomları, narahatlıq doğuran nəticələri ilə bağlı xüsusi bir düşüncə və analiz fərqliliyi yoxdur. Buradakı elm adamları da, bu virusun yabanı (sauvage) olduğunu təsdiq edirlər və bunun “bioloji silah” olma iddialarını əsassız sayırlar.

Adi insanlara gəldikdə, Fransa cəmiyyətinin ayırıcı xüsusiyyəti odur ki, insanları söhbətcildirlər. Bu onları mütəmadi olaraq öyrənməyə vadar edir ki, hər şey haqda obyektiv danışa bilsinlər. Və mümkünsə, uzun-uzun. Digər tərəfdən, Fransa elmli və elmə həssasiyyəti yüksək olan bir ölkədir, bunu Fransada yaşamayanlar da bilir. Ancaq bu virusun sosial effekti şok kimi yaşandı. Bunun səbəbi budur ki, artıq informasiya virusdan tez yayılır və bəzən informasiyanın özü virus effekti verir, panika çıxardır, gərginlik, debatlar, stres doğurur və ən betəri, şübhəçiliyə zəmin verir.

Cəmiyyət daxilində inam bağları qopduqda onun özünüidarəsi çətinləşir. Bu da görülən tədbirlərin effektini zəiflədir və cəmiyyətdə həmrəylik ruhuna mənfi təsir göstərir. Ancaq yenə sevinclə qeyd edirəm ki, əksəriyyət elm adamlarına güvənir və siyasi tədbirləri anlayışla qarşılayır.



- Fransız həkimlər pandemiyanın simptomları barədə hansı iddia və düşüncə irəli sürülür ? Onun mövsümi qripdən nə kimi fərqləri var ?

-Şübhəsiz ki, bu suala bir tibb adamı daha tutarlı cavab verərdi. Ancaq simptomlarla bağlı müşahidələr mütəmadi olaraq mətbuatda işıqlandırılır deyə cavab verməyə cəsarət edərəm.

Yazılanlara əsaslansaq, SARS tipli viroloji infeksiyalar bir qayda olaraq tənəffüs sisteminə təsir edir. Digər simptomlar isə bütün canlı bədənlərdəki kimi prosesi izləyir : tənəffüsdəki pozulmanın ardından bütün immun müdafiə mexanizmi zəifləmiş olur. Bədən də ona uyğun reaksiya verir.

Yəni adi bir inkefsion naxoşluğun əlamətlərindən əlavə, bir orqanizmin ən zəif olan yerlərinin vəziyyəti daha da gərginləşir. Bu da hər insanda ayrı kəskinlik dərəcəsini müşahidə olunur. Yaş fərqliliyi, gümrahlıq səviyyəsinə əsasən, hər kəs bunu bir şəkildə keçirir. Beləliklə, həyatını itirən də var, ayaq üstə keçirən də var. Bu nöqtədə də, fransızların xüsusi fərqlənən bir debat açdığını görmürəm. Hamısı bununla razı görünürlər.

- Koronavirusla bağlı Fransada vəziyyət necədir, yoluxan və ölənlərin sayı barədə sizdə hər hansı məlumat varmı ?

-Vəziyyət ürək açan deyil. Fransanın bəzi mənbələrinə görə artıq 82 000 yoluxma halı qeydə alınıb və statistikaya görə beşinci yerə yüksəlib. 6700 nəfər reanimasiyada olan, 6500 nəfər xəstəxanada həyatını itirən var. Evində keçirənləri isə hələ dəqiq bilmirlər. Qocalar evində virusdan ölənlərin sayı 1400 ehtimal olunur. Son 24 saatda 600 nəfər həyatını itirib. Keçən ilə bu zamanla müqaisədə ölüm sayı koronavirusun ucbatından 84 faiz artıqdır. 14 000 insan isə sağalıb evinə buraxılıb.

- Siz özünüz necə qorunursunuz? Özəl bir qorunma methodologiyanız varmı, yoxsa ümümi hər kəs kimi həkimlərin tövsiyələrinə uyğun davranırsınız ?

-Gigiyena qaydalarına əməl edir və düzgün qidalanma vərdişlərinə uyğunlaşmağa çalışıram. Bunu həmişə etməliyik, əslində. Evlə iş arasında get-gəldən başqa, küçəyə çıxmıram. Ancaq işimə davam edirəm. Bizim sahə Fransa dövləti tərəfindən “strateji əhəmiyyətli” sayılır deyə, xüsusi lizensiyamız var, yəni gündəlik evdən çıxma qadağasına tabe deyilik. Ancaq iş yoldaşlarımın demək olar ki, 80 faizi evindədir. Ya distant işləyirlər, ya da məzuniyyət götürmək məcburiyyətində qalırlar.
Təbii üsulları da istisna etmirəm. İmmuniteti gücləndirən və antibakterial effektləriylə məşhur olan qida növlərinə şans verirəm. Zəncəfil dəmləməsi, kəklikotu çayı bunlardan bir-iki nümunədir.

- Ümumiyyətlə, bu virusdan necə qorunmaq olar? Azərbaycan xalqına tövsiyələriniz varmı ?

-İnsanları sevmək, sevdiyi üçün onları qorumaq gərəkir. Qorxmamaq, ancaq tədbirli olmaq lazımdır.
Ən önəmlisi mədəniyyətli olmaq lazımdır. Mən hər zaman başqalarının yanında siqaret çəkən insanların eqoistliyinə hiddətlə yanaşmışam. Sırf öz zövqü üçün başqalarını zəhərləmək terrordur.
İndi də, eşidirik ki, insanlar « ayıb »- dır deyib, əl sıxışlar. Onlara demək lazımdır ki, « sən virusdan qorxmaya bilərsən, hətta könüllü onu axtara da bilərsən ». Ancaq mən bunun müxənnəti olmaq istəmirəm. Əxlaqi düşüncə bunu tələb edir. Deyək ki, mən özüm daşıyıcıyam, amma bilmirəm. Bircə dəfə mənim əlimi sıxdığı üçün bütün ailəsini qızdırmaya, xəstəliyə məruz qoyan adam olmaq mənim vicdanımı sıxmazmı ?
Özünü qorumaq bir seçimdir, başqalarını qorumaq bir borcdur.
Dediyim kimi, mütəmadi qorxu altında yaşamaq doğru deyil. Üstəlik, insan sevgisi virus qorxusundan qüdrətli olmalıdır. Ancaq insanları sevdiyimiz üçün, bəlkə də, fərqində olmadan daşıdığımız virusdan onları qorumalıyıq. Buna görə də, sadəcə olaraq toxunmadan, yaxın durmadan danışmaq, mümkünsə az görüşmək yaxşıdır… Bunlar bəsit etika qaydalarıdır ki, əməl etməliyik. Mən şəxsən özüm bulaşmaqdan çox, mənim ucbatımdan kiminsə tutmasından dolayı ehtiyat edirəm.

-Fransada karantin rejimi həyata keçirilibmi, hansı məhdudiyyətlər tətbiq edilir ?

-Ən geniş şəkildə. Evdən çıxmaq üçün səbəbin lizensiyası olan əmək fəalliyyətin olmalıdır. Bu status, dövlətin rəsmi qərarı ilə bir neçə sektora, o cümlədən bank sektoruna verilib.

Yalnız gündəlik və həyati ehtiyacları təmin edə biləcək ticarət obyektlərinə gediş icazəsi var və bu da evinə ən yaxın olan məntəqəyə qədər olmalıdır. İqtisadiyyatın böyük bir hissəsi “yuxu” rejiminə ya da virtual idarəetməyə tabe edilib. Aprel ayının ilk iki həftəsi də belə davam edəcəkdir. Sonrası siyasi instansiyalarda müzakirə edilir.

- Xalqa, insanlara, işi bağlanan sahibkarlara, günəmuzd çalışan fəhlələrə, ustalara nə kimi yardımlar göstərilir ?

-Bu barədə redaksiyanıza detallı bir məqalə göndərəcəyəm. Fransa dövləti bənzəri olmayan sosial ölçülər götürdü. Kiçik sahibkarları qorumaq istiqamətində güclü vergi endirimi və vaxt uzadılması, pul yardımları, faizsiz və kommissiyasız kredit siyasəti, mövcud kreditlərin ödənişində asanlaşdırma, kirayələrin, kommunal xərclərin dondurulması, bütün hallarda həyat minimalının qarantiya altına alınması üzrə siyasət işləndi. Ən riskli publika kiçik sahibkar, öz hesabına çalışan fəhlə və ustalar idi ki, onlara 1500 avro pul yardımı da yuxarıda sadaladığım asanlaşdırmalara əlavə edildi.

İnsanlara verilən mesaj bu idi : “Siz bizə güvənin ki, biz sizi qoruya bilək. Tələbimiz isə odur ki, evinizdə oturun. Məcbur olmadıqca çıxmayın.

Maaşla işləyənlərin isə heç birinin əmək haqqısı azaldılmasın, lazımdırsa dövlət bunun da zərərini firma sahibinə geri ödəyəcəkdir ».

Yəni sosial və iqtisadi mənada bütün risklər minimala endirilib. Fransa əhalisi sırf dövlətinin sayəsində bu gün « çörək » qayğısı haqda fikirləşmir. Şübhəsiz ki, zərər görənlər var, olacaq. Otellər, zavodlar, tekstil sektorunun bütün sferaları “yuxu”dadır. Ancaq götürülən ölçülər baş döndürəcək qədər cömərd və qoruyucudur. Hələ davamı da gələcəkdir.



- Karantin rejimində necə davranılır, xalqdan nələr tələb edilir və xalq buna əməl edirmi ?

-Fransızlar əyləncəni sevən insanlardır. Onlara « Evinizdə oturun » demək, ciddi psixoloji məhdudiyyət kimi qəbul olundu. Hələ də buna müqavimət var. Milyonlarla insan yolda yoxlanır, yüzminlərlə cərimələnənlər oldu. Şübhəsiz ki, gəzməyə, çıxmağa alışmış bir cəmiyyət üçün bu sosial bir travmadır.

- Virus nə vaxta kimi davam edə bilər ? Havaların isinməsinin buna bir təsiri olacaqmı? Fransa cəmiyyəti və səhiyyəsi bu barədə nə düşünür ?

-Virusun nə qədər davam edə biləcəyinə dair çox sayda ssenari var. Virus-infektoloqların həmfikir olduğu nöqtə budur ki, bu virusun epidemik haldan fərdi xəstələnmə halına keçməsi üçün gərək bir ölkənin 70 faiz əhalisi ona qarşı immunitetli olsun. Bu ya təbii immunitetlə (yəni, qızılca xəstəliyindəki kimi, artıq keçirmiş olan insanların bədənindəki, təbii antitellə), ya da tapılsa, süni peyvəndlə yaranan immunitet sayəsində. Elə qızılcadan söz açılmışkən, qeyd edim ki, hər hansı bir millətin 95 faiz sakini bu gün bu xəstəliyə qarşı immunlaşıb deyə kiminsə qızılcaya yoluxması fərdi hal sayılır. Epidemik deyil. Beləliklə, zaman gələcək, kimsə “COVİD19” a yoluxduqda, hər kəs ona « keçmiş olsun » deyib, adi xəstədən sayacaq. Ancaq hazırda bu xəstəliyə qarşı kollektiv immunitet yoxdur deyə, hər kəs ya növbəsini, ya da ondan əvvəl süni peyvəndin tapılmasını gözləyir. Üstəlik, qızılcadan fərqli olaraq, bu xəstəliyə ikinci dəfə tutulmaq ehtimalı da istisma edilmir. Bəlkə də, qrip kimi, mütasiya edərək. Dönüb-dönüb bir də tutacaq. Elm bu barədə hələ əmin deyil.

Havanın isinməsinin buna təsiri ilə bağlı tək iddia budur ki, insan bir qayda olaraq qışda zəif olur. Ona görə də virusa tab gətirə bilmir. Havaların isinməsi bu sarıdan faydalı ola bilər. Lakin virusun mütasiya qabiliyyətinin bu qədər güclü olduğunu diqqətə alsaq, onun özünün istiyə necə reaksiya verəcəyini hələ alimlər təyin edə bilmirlər.

- Vaksinin tapılması üçün dünya alimləri, eləcə də fransız alimlər hansı işləri görürlər? Fransa səhiyyəsi bu yöndə hansı addımlar atır ?

-Nəhəng proyekt artıq həftələrdir icra edilir, yoldadır. « Discovery » proyekti bütün mümkün opsiyaları cəmləyib 13 müalicə qrupunu sınaqdan keçirir. Bunlardan biri və ən sadəsi isə, keçən dəfə barəsində yazdığım Didier RAOULT-un təklifidir ki, hazırda test edilir. Müşahidələrin nəticəsi aprel ayının sonu və mayın əvvəlində bəlli olacaqdır. Fransa tibb və mikrobiologiya sahəsində nümunəvi ölkələrdən sayılır. Ancaq 250 nanometr (bu, bir metrin 4 milyonda biri deməkdir) ölçüdə `bir virusun haqqında araşdırma aparmaq, bunları elmi metodologiyaları və protokolları ən detallı şəkildə izləyərək həyata keçirmək « bir gün - iki gün » məsələsi deyildir.

- Bu virusun Çindən başlamasının səbəblərinə dair Fransa cəmiyyətində mövcud olan düşüncə və eyni zamanda özünüzün şəxsi mülahizələriniz maraqlıdır…

-Elm adamlarının rəyi ortaqdır ki, bu virus yabanıdır, yəni həmişə təbiətdə mövcüd olmub, ya da bilinməyən bir tarixdən etibarən, amma təbii şəkildə. Tanınmırdı, bəli, çünki elm təbiətin hələ çox cılız bir hissəsinə vaqifdir. Niyə ilk dəfə infeksiyanın Çində büruzə verdiyi sualı isə Fransa cəmiyyətində iki fikir yaratdı.

Biri sosial şəbəkə fırıldaqlarının “elm adamı” adı altında insanları manipulyasiya edən, elmi əsası olmayan konspiroloji fikirlər yayması ilə formalaşdı. Guya ki, bunu kimsə planlayıb, bu əməliyyatdır və sairə. Bu marjinal qaldı, təbii ki. Çünki absurddur. Düzəltmə viruslar asanca gözə çarpırlar, kobud olurlar. “COVİD-19” ya da alimlərin “SARS-COV-2” formuluyla adlandırdığı bu virus təbii və yabanıdır, infektoloji effekti olan 7-ci koronavirus növü, yəni “tacvari” virusdur.

Bir də həqiqi elm adamları vardır ki, onlar əsla belə iddiaya düşməzlər. Əsl elm adamı iddia etmir, müşahidə edir. Əldə olan müşahidələr isə hələ yetərsizdir. Dediyim kimi, nanometrlə ölçülən bir virus, müşahidəsi aylar tələb edən, onu müşahidə etməyə isə xüsusi beyinlər tələb edən bir elmi araşdırmadan söz gedir : onlar iki günə bizə əmin və detallı məlumat verə bilməzlər. Ancaq sosial şəbəkə spekulyatorlarının «elm »inə gülüb keçmək, elmə inamı qorumaq lazımdır.

Yolla gedərkən qırmızı işığı görməyən adamların, nanometrlik bir varlıq haqda elm adamlarından daha gurultulu danışmaları, onlara iftira etmələri, dünyanı mövhumata və cəhalətə sürükləyər.

-İddialar var ki, bu virusun Avropada daha geniş vüsət almasına səbəb mədəniyyətlə də bağlıdır. Məsələn, tutalım Azərbaycan mədəniyyəti və ya mental düşüncəsində evə ayaqqabı ilə daxil olmaq yoxdur, amma Fransada evin içərisində də ayaqqabı ilə gəzirlər. Doğrudanmı, bu pandemiyanın Avropada geniş vüsət almasında belə amillərin rolu olub?

-Xeyr, təbii ki, yox. Avropalılar, peşə və əyləncə səbəbiylə çox səfərdə olurlar. Üstünə əlavə edək, sair işləri, kinoteatrlar, sərgilər, görüşlər, sosial və assosiativ yığıncaqlar, tədbirlər, muzeylər, festivallar… Burada həyat dayanmır. Avropa insanı aktivdir, fəaldır. Təbii ki, biri bulaşdısa, çoxlarına da sürətlə ötürəcəkdir.

Qaldı ki, biz burada hamımız evdə ayaqqabımızı çıxarıb otururuq, o deyilənlər şayiədir. Hər şeydən əvvəl, evdə ayaqqabılı dolaşmaq rahat deyil. Üstəlik bizim küçələrimiz təmizdir, yolda zibil, çirkab, daşmış kanalizasiya tullantıları göllənib qalmır, ya da nadir hallarda. Ayaqqabı ilə gəzsəydik belə, bu o qədər də böyük risk olmazdı.

-Bir də iddialar var ki, Fransa, İtaliya , İspaniya və başqa ölkələrdə virusa əvvəlcədən laqeyd yanaşılıb deyə, birdən-birə kütləviləşib. Doğrudurmu? 

-Laqeydlik mücərrəd və subyektiv bir ölçüdür. Bayıra çıxmamağın özünün immuniteti zəiflədən effektləri vardır. Hərəkətsizlik, eyni havadan udma, psixoloji basqı hissi, ev şəraitində mütəmadi şüalanma, ekran dalğaları ilə məruz qalınan təsirlər… Bunlar sonradan adi çörək almağa gedərkən, orqanizmi daha qırılqan hala gətirir.

Üstəlik, ifrat reaksiya verməyin başqa təsirləri olacaq. İnsanlar uzun müddət qapalı şəraitdə qala bilməz. Qorunmaq, qorumaq lazımdır, ancaq hər şeyin ifratı təhlükəlidir.

Sonda həmvətənlərimə onu deyim ki, rus və türk mənşəli bəzi psevdo-elmi paylaşımlardan və « böyük plan » söhbətinlərindən uzaq dursunlar. Qədim çağlarda xürafatçı din adamları insanları mövhumatla oynadırdılar. İndi də bu tipli möhtəkirlik edənlər meydan sulayır, hekayələr, “gizli hesablar”, “məkrli əməllə”r haqda iddialar atıb, insanların stresinə stres qatırlar. Hamısı yalandır. Məsuliyyətlə deyirəm. Virus həmişə olub. Hərəsi bir cür effekt veribdir. Başqaları da olacaqdır. Təbiət təkcə insanlar üçün deyil. İnsana yaşama şansı verdiyi kimi, virusa da var olma haqqı və öhdəliyi verib. Bu, təbiətin qanunudur.

 Söhbətləşdi: Ayyət Əhməd