Türk Şurasının dövlət başçıları koronavirusun yayılması fonunda davamlı və effektiv əməkdaşlığa nail olmaqda qətiyyət göstərdilər.
Bunu Trend-ə amerikalı ekspert, Avropa və Amerikadakı hökumətlər, universitetlər və korporasiyaların beynəlxalq məsələlər üzrə strateji məsləhətçisi Piter Teys deyib.
P.Teys bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 10 aprel 2020-ci ildə təşkil edilən Türk Şurasının Virtual Fövqəladə Zirvəsi Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrin liderlərini bir araya gətirdi:
"Türk Şurası Zirvə görüşünün gündəliyi iştirak edən bütün ölkələr üçün strateji maraq doğururdu".
P.Teys qeyd edib ki, Türk Şurası qətiyyətli, dinamik bir fəaliyyət göstərdi və 103 mindən çox insanın həyatını itirdiyi koronavirusun yayılması fonunda sürətli bir şəkildə hərəkət etdi:
"Türk Şurası çərçivəsində qurulan güclü alyans digər beynəlxalq təşkilatlar üçün bir nümunədir. Türk Şurasının dövlət başçıları səhiyyə, əczaçılıq istehsalı, iqtisadi inteqrasiya tədbirləri və infrastruktur inkişafı sahələrində davamlı və səmərəli əməkdaşlığa nail olmaqda qətiyyətli olduqlarını göstərdilər".
Onun sözlərinə görə, Türk Şurasının gördüyü işlər Brüsselin bu günə qədər həyata keçirdiyi işlərdən qat-qat üstündür:
"Pandemiyadan sonra Türk Şurasının daha çox təsir mexanizmləri əldə edəcəyi və bütün sahələrdə əməkdaşlığı daha da gücləndirəcəyi, regional infrastruktur, mühəndislik və enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə zəmin yaradacağı gözlənilir".
Ekspert, həmçinin Azərbaycan hökumətinin təşkil etdiyi beynəlxalq humanitar yardımın və böhranın effektiv idarə edilməsinin vacibliyini vurğuladı:
"Koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər və əhali arasında sosial təcrid qaydalarının tətbiqi, həqiqətən də, Azərbaycanı birinci edən uğur hekayəsidir. Profilaktik tibbdə ölkə əla, təsiredici nəticələr əldə etdi".