"Ailədən uzaq qalmaq nə qədər asan ola bilər?"- Professor "Facebook"da nostalji anlar yaşadır - Təsirli fotolar

BDU- nun Jurnalistika fakültəsinin professoru Akif Rüstəmovun "Facebook" hesabındakı təşəbbüsü maraqla qarşılanıb. Belə ki, professor "müəllimlərimiz" başlığı altında kollektivin ayrı- ayrı simalarının  fotolarını yayır. İndiki karantin dövründə, universitetdən ayrı düşdükləri bir məqamda bu, müəllimlərdən ötrü bir təsəlli, tələbələrə isə ümiddir. 

 Sözügedən addımla bağlı "Sherg.az"a danışan professorun fikrincə, bu, həm müəllimlərin, həm də tələblərin ürəyincədir:

"Bilmirəm, nə edim. Evdə oturmaqdan yorulmuşuq. Bayaq yadıma düşdü ki, arxivimdə müəllimlərimizin xeyli fotosu var. Onları növbə ilə yaymağa başladım. Müəllim- tələbə kollektivi xoş rəylər yazır, xatirələri yada salırlar. Məzunlarımızdan biri sabiq dekanımız Yalçın Əlizadənin fotosuna, az qala, yarım səhifəlik fikir bildirmişdi. İctimaiyyət fakültə müəllimlərinin çoxunu yaxşı tanıyır. Amma biz mediada, o cümlədən sosial mühitdə fəal olmaq, səmərəli fəaliyyət göstərməklə tələbələrimizin yaddaşında daimi qalmağa çalışırıq. Bir az əvvəl keçmiş tələbələrimizdən biri zəng edib mənə təşəkkür etdi. Dedi ki, müəllimlərimizi xatırlatdığınız üçün çox sağ olun. Qəribə oldum".
 
Professor düşünür ki, indi bütün müəllimlərin keçirdiyi  hisslər təxminən eynidir- kədər, nostalji..."Düzdür, karantinlə əlaqədar şəhərdə maşınların sayı azaldı, hava təmizləndi. Lakin fakültədən ayrı qalmaq bizə görə çox çətindir. Mən 1967-ci ildən, yəni 53 ildir, buradayam. İndi belə uzun müddət ayrı qalmaq dözülməzdir. Bilmirəm, təqaüdə çıxanda necə bacaracam. Dünən imtahan var idi. Qocaman müəllimlərimizdən biri Mahmud Mahmudov imtahanı yoxlamaq məqsədilə fakültəyə getmişdi. Axşam mənə zəng edib dedi ki, fakültəyə girən kimi kövrəldim. İndi fakültəmiz, həmişə tələbələrlə dolu auditoriyalar, dəhliz bom- boşdur. Fakültə tələbəsiz çox darıxdırıcı olurmuş. Bizim iş yermizə bu məhəbbətimiz heç də təsadüfi deyil. Çünki mərhum Nəsir İmanquliyev, Famil Mehdi, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov və başqaları burada çox təmiz bir ab- hava, əsl ailə mühiti yaratmışdılar. Həmin aura indi də fakültəmizdə hökm sürür. Ailədən uzaq qalmaq nə qədər asan ola bilər?"