Bayılda su problemi yaşanıb

Ola bilsin ki, həmin yer günaşırı su verilən ərazilərdən biridir

Xüsusi karantin rejimi günlərində Bakının Səbail rayonu, Bayıl qəsəbəsində, "20-ci sahə" adlanan ərazidə su qıtlığı yaranıb.
Sosial şəbəkədə bununla bağlı məlumat paylaşılıb. Həmçinin APA-nın xəbərində  bildirilir ki, ərazidə xidmətdə olan Səbail Rayon Polis İdarəsinin və Çevik Polis Alayının əməkdaşları bu barədə aidiyyəti qurumlara müraciət ediblər.
Əhalinin su təminatının həll olunması üçün əraziyə su maşını gətirilib və bundan sonra sakinlər su ilə təmin olunublar.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı “Şərq”ə açıqlamasında qeyd etdi ki, yayılan məlumata uyğun olaraq araşdırma aparılıb və ərazidə su qıtlığı olmadığı müəyyən edilib: 
- Rayon su idarəsinin rəisi bildirdi ki, ərazidə su problemi yoxdur. Bütün ərazilərə su əvvəlcədən təyin edilmiş qrafik üzrə verilir. Elə yerlər var ki, su günaşırı verilir. Ola bilsin ki, su qıtlığı yaranan ərazi günaşırı su verilən ərazilərdən biridir.