"Adı olub sözü olmayan bütün partiyaların qeydiyyatı ləğv olunmalıdır"


Sərdar Cəlaloğlu: "Azərbaycanda vur-tut 15-20 partiya aktiv fəaliyyət göstərir"

"Çoxunun heç rəhbəri və təsis olunduğu vaxt bəlli deyil. Möhürləri də yoxdur. Hansısa yolla, kimlərinsə vasitəsi ilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçiblər"


Parlamentdə təmsil olunan siyasi partiya sədrlərinin Prezident Administrasiyanın rəsmisi ilə görüşündə Azərbaycanda faəliyyət göstərən siyasi təşkilatlarla bağlı problemlər də gündəmə gətirilib. Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli vurğulayıb ki, videkonfrans zamanı partiyaların ofislə təmin olunması və qurultaylarının keçirilməsi üçün daimi zalın ayrılması barədə razılığa gəlinib. Onun sözlərinə görə, bəzi partiyaların qeydiyyata alınmasının vacibliyinə də diqqət çəkilib. Lakin fəaliyyət göstərməyən partiyalarla hüquqi ölçü götürüləcəyi vurğulanıb. 

Gündəmə gətirilən məsələni “Şərq”ə dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, siyasi təşkilatların maliyyələşməsi, qurultay üçün yer və ofislə təmin edilməsi, tədbirlərin keçirilməsi üçün şərait yaradılması dövlətin öhdəliyidir. Partiya rəhbəri vurğulayıb ki, bu məsələlər qanunla tənzimlənir:

“Dövlət bu problemləri həll etmək üçün üzərinə öhdəlik götürüb. Ona görə də sırf həmin məsələ ilə bağlı xüsusi müzakirələrə ehtiyac yoxdur. Əsas problem adı olub, özü olmayan siyasi partiyaların qeydiyyatı ilə bağlıdır. Dəfələrlə məsələ qaldırmışam ki, bir çox adam siyasi partiya kimi müvafiq qurumda qeydiyyatdan keçib. Onlar müəyyən məqamlarda “siyasi partiya” adı ilə ortaya çıxaraq öz şəxsi maraqlarını təmin edirlər. Ondan sonra yenə qeybə çəkilirlər. Ölkənin siyasi həyatında bu günə qədər heç bir bəyanat verməyən, rəhbərliyi bilinməyən, sözü olmayan bütün sözdə partiyaların qeydiyyatı ləğv olunmalıdır. Azərbaycanda vur-tut 15-20 partiya aktiv fəaliyyət göstərir. Yerdə qalanların hamısı formaldır. Çoxunun heç rəhbəri və təsis olunduğu vaxt bəlli deyil. Möhürləri də yoxdur. Hansısa yolla, kimlərinsə vasitəsi ilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçiblər. Ancaq ortada təşkilatın özü yoxdur. İctimaiyyət nə həmin partiyaların adlarını bilir, nə də sədrlərini tanıyır. Fəaliyyət göstərməyən təşkilatlar müəyyən edilərək dərhal ləğv edilməlidir”.
S.Cəlaloğlu maliyyəni bəhanə edərək aktivlik göstərmədiklərini iddia edən siyasi təşkilat təmsilçilərinə bu cür cavab verib:
“Hansısa ciddi məsələ ilə bağlı quru bəyanat vermək üçün maliyyə tələb olunmur. Niyə o partiyaların təmsilçiləri bir dəfə olsun deməyiblər ki, “Qarabağ Azərbaycandır”. Seçkilərdə iştirak etmirlər, bəyanat səsləndirmirlər. Hər şeyə bəhanə gətirirlər. Azərbaycanda 54 partiya var. Amma ölkə ictimaiyyəti uzağı 20 siyasi təşkilat və onların sədrlərini tanıyır. Yerdə qalan 30-dan çox partiyanın təmsilçiləri kimdir, ideologiyaları nədir, bilən yoxdur”. 
İsmayıl Qocayev