Prezidentin BMT-dəki çıxışı dünya ictimaiyyəti üçün də maraqlıdır
Birləşmiş Millətlər Təşkilatının xəbər portalında Azərbaycan Prezidentinin nitqi xüsusi xəbər formasında verilib. Bu amil dövlət başçısı İlham Əliyevin siyasi nüfuzunu göstərməklə yanaşı, həm də Qoşulmama Hərəkatının sədri kimi tarixi çıxışının əhəmiyyətinin göstəricisidir. Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı mühüm beynəlxalq qurumlardır.
Prezident məhz BMT-yə müraciətində bütün dünyaya bəyan etdi ki, Ermənistan faktiki olaraq müharibəyə hazırlaşır. Ermənistanın aqressiv siyasəti yalnız region üçün yox, bütün dünya üçün böyük təhlükədir. Ölkə rəhbəri BMT-nin xüsusi iclasında dünyanı narahat edən mühüm problemlərlə bağlı da fikirlərini bəyan etdi, önəmli məqamlara diqqət yönəltdi. O baxımdan dövlət başçısının çıxışı dünya ictimaiyyəti üçün də maraqlıdır.
Önəmli məqamı “Şərq”ə dəyərləndirən millət vəkili Cavid Osmanov bildirib ki, Prezident İlham Əliyevə ilk sıralarda söz verilməsi və çıxışın BMT-nin xəbər portalında təqdim olunması dövlət başçısının dünya liderləri arasındakı siyasi çəkisini, rəhbər kimi nüfuzunu və şəxsiyyətinə olan hörməti göstərir. Deputatın sözlərinə görə, dövlət başçısının mühüm çıxışını iki istiqamətdə dəyərləndirmək lazımdır:
“İlk növbədə ölkə rəhbəri Qoşulmama Hərəkatının sədri, ikinci olaraq isə Azərbaycan Prezidenti kimi çıxış etdi. Dövlət başçısı sadəcə Azərbaycanı narahat edən problemləri dilə gətirmədi, eyni zamanda dünya xalqlarını narahat edən məsələlərdən danışdı. Prezident haqlı olaraq bəyan etdi ki, beynəlxalq hüquq və normalar bütün ölkələrə eyni qaydada tətbiq olunmur. İkili standartların hələ də mövcudluğunu dilə gətirdi. O cümlədən BMT-nin özünün 4 qətnaməsinin işlək mexanizminin tapılmasının zəruriliyini vurğuladı. Vurğuladı ki, BMT-nin digər qətnamələri qısa zamanda icra olunsa da, 30 ilə yaxındır Dağlıq Qarabağla bağlı 4 qətnamə indiyədək kağız üzərində qalıb”.
Deputat qeyd edib ki, Prezident Ermənistanın işğalçılıq siyasətindən danışdı və buna son qoyulmasını tələb etdi:
“Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma aparır, tarixi saxtalaşdırır. Suriyadan, Livandan terrorçu erməniləri zəbt olunmuş Azərbaycan ərazilərinə daşıyır. ASALA və PKK kimi terror təşkilatlarından ölkəmizə qarşı istifadə etmək üçün çirkin planlar hazırlayır, onların Qarabağda təşkilatlanmasına şərait yaradır.
Bu, çox təhlükəli tendensiyadır və sadəcə, Cənubi Qafqaz üçün deyil, bütövlükdə dünyaya təhdiddir, qanunlara meydan oxumaqdır. Əfsuslar olsun ki, bununla bağlı heç bir beynəlxalq qurumun, vasitəçilik missiyası həyata keçirən təşkilatların bəyanatına, qətnaməsinə rast gəlməmişik. Bu, dəfələrlə üzləşdiyimiz ikili standartların təzahürüdür. Yaxşı olar ki, bu faktlar ATƏT-in faktaraşdırıcı missiyası tərəfindən ciddi araşdırılsın.
Bununla bağlı Ermənistana beynəlxalq qurumlar və aparıcı ölkələr tərəfindən sanksiyalar da tətbiq olunmalıdır. Digər tərəfdən işğalçı Ermənistan rəhbərliyinin absurd şərtləri, təxribatçı addımları, təhdid xarakterli bəyanatları BMT-nin sülh çağırışlarına qarşı çirkin mövqeyinin aydın təzahürüdür.
Əfsuslar olsun ki, indiki məqamda işğalçı ölkəyə silah yardımı edən dövlətlər də var. Dövlət başçısı bununla bağlı xalqın narahatlığını həmin dövlətlərin rəhbərlərinə də çatdırdı”.