Bütün dünya gördü ki, danışıqlar prosesini Paşinyan şüurlu şəkildə pozdu
Hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür
Sentyabrın 27-də saat səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutublar. Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə xətti boyunca mövqelərini, Tərtər rayonunun Qapanlı kəndini, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərini, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini atəşə tutublar.
İntensiv atəşlər nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var. Mülki infrastruktur obyektlərinə də ciddi ziyan vurulub. Bundan sonra düşmənin təxribatlarının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyunca əks-həmlə əməliyyatına başlamaq barədə qərar qəbul edib. Rəşadətli ordumuzun yüksək səviyyəli hərbi əməliyyatları nəticəsində Füzuli-Cərbayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb. Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.
Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb.
Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir. Uğurlu hərbi əməliyyatlar davam etdiyi üçün sentyabrın 28-i, saat 00:00-dan etibarən Azərbaycanda hərbi vəziyyət elan olunub.
Azərbaycan tərəfi 30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq birlik tərəfindən tanınan sərhədlər çərçivəsində suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında dinc yolla nizamlamağa çalışır. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən hərbi təcavüz, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu regionda sülhə və təhlükəsizliyə əsas təhdid mənbəyidir. Özlərinin işğalçı hərəkətlərinə bəraət qazandırmaq və beynəlxalq strukturların gözlərinə kül üfürməklə Ermənistan Dağlıq Qarabağda heç kəs tərəfindən tanınmayan separatçı rejim yaradıb. Nəticədə, yüz minlərlə azərbaycanlı doğma torpaqlarından qovulub, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib, Azərbaycanın milli sərvətləri və tarixi abidələri vəhşicəsinə məhv edilib. Ermənistanın hərbi təcavüzü, işğal olunmuş torpaqlarımızda həyata keçirdiyi qanunsuz əməlləri bu gün də davam edir.
İllər boyu bütün beynəlxalq təşkilatlara - BMT, ATƏT və onun Minsk Qrupuna, Avropa ictimaiyyətinə, həmçinin bir sıra sülhməramlı təşkilatlara Ermənistan rəhbərliyini bütün danışıqlar prosesinin sabitliyini pozmaq üçün təkrarlanan cəhdlərə görə məsuliyyətə çağırmaq barədə müraciətlər olunub. Ancaq işğalçı ölkəyə təzyiq göstərilməyib, düşmən tərəfin danışıqlar prosesinə qayıtması üçün heç bir addım atılmayıb. Nəticədə ermənilər daha həyasızlaşıblar.
Ermənistanın bu il iyul ayında Tovuz istiqamətində hərbi təxribatı növbəti dəfə sübut etdi ki, rəsmi Yerevan danışıqlarda maraqlı deyil. Ona görə də bütün beynəlxalq razılaşmalara zidd olaraq danışıqlar prosesini pozmağa çalışır. Qeyri-qanuni şəkildə erməni işğalı altında olan Dağlıq Qarabağ və ona bitişik 7 rayondan uzaqda yerləşən rəsmi sərhəd istiqamətində hücuma keçərək məqsədli şəkildə münaqişə zonasını genişləndirir. Ermənistanın hərbi-siyasi rəhbərliyinə çağırışlar olmadığı üçün düşmən tərəfin növbəti təxribatı irimiqyaslı hərbi əməliyyatların başlanmasına gətirib çıxardı.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında xüsusilə vurğuladı ki, biz haqq yolundayıq və özümüzü müdafiə edirik:
“Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”. Dövlət başçısı qeyd edib ki, biz güclü, iradəli ordu yaratmışıq, bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir: “Əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir: “Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaq”.
Ölkə rəhbəri vurğulayıb ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Prezidentin sözlərinə görə, Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danışıqlara ciddi zərbə vurub və Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.
İki gündür davam edən gərgin döyüşlərdə düşmən qüvvələri böyük itki verərək, hərbi texnikalarını geridə buraxaraq cəbhə xəttindən qaçırlar. Təmas xəttində erməni əsgərlərinin Azərbaycan Ordusundan ağır zərbə alması, düşmən postlarının darmadağın edilməsi həm siyasi dairələrdə, həm də ölkə ictimaiyyətində də ciddi təşvişə səbəb olub.
Ermənistan rəhbərliyi yaydığı dezinformasiyalarla ordudakı fərariliyin və cəmiyyətdə panikanın qarşısını almağa çalışsa da, Azərbaycan Silahlı Qüvvələrinin irəliləməsi Yerevanın təbliğatını heçə endirir. Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.
Müdafiə Nazirliyinin məlumatına əsasən, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir. 600-ə yaxın canlı qüvvəsini itirən düşmən tərəfdə ordudakı yaralıların say çoxluğu səbəbindən hərbi və mülki xəstəxanalarda yer qıtlığı yaranıb. Ancaq Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, proseslə bağlı Rusiya, İran xarici işlər nazirləri, ABŞ Dövlət katibinin müavini, Avropa İttifaqının xüsusi nümayəndəsi və digər beynəlxalq təşkilatların nümayəndələri ilə əlaqə saxlanılıb, onlar məlumatlandırılıb: “30 ilə yaxındır ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır.
Həmin ərazilər etnik təmizləməyə məruz qalıb, orada bir nəfər də olsun azərbaycanlı yoxdur. Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün danışıqlar həyata keçirilir. Məqsədimiz mahiyyəti üzrə danışıqlar aparmaq idi. Ancaq müxtəlif bəhanələrlə Ermənisian buna mane olub.
Tərəflər hansısa razılaşmaya yaxın olub, qarşı tərəf mövqeyini dəyişib, imitasiya edib. Paşinyan hakimiyyətə gəldikdən sonra danışıqlar prosesində destruktiv mərhələ yarandı. Bu mərhələdə kiçik və irimiqyaslı təxribatların şahidi olduq. Əsas məqsəd danışıqlar prosesini tam məhv etmək, status-kvonu möhkəmlətməyə nail olmaqdır. 2019-cu ildə Paşinyan qanunsuz olaraq qondarma “Artsax” adı qoyduqları “Dağlıq Qarabağın Ermənistan” olduğunu bildirdi. Bu, açıq təxribat idi. Bundan sonra Ermənistan müdafiə naziri yeni ərazilərin işğalını hədəf elan etdi. Bu, danışıqlar prosesinə növbəti zərbə idi. Mart ayında Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı qondarma andiçmə mərasimi Azərbaycanın qədim şəhəri Şuşada keçirildi. Bununla danışılar prosesini tamamilə iflic etdilər”. C.Bayramovun sözlərinə görə, çox təəssüf ki, bu hallara beynəlxalq təşkilatlar lazımi reaksiya vermədi.
Bu arada Rusiyadan Ermənistana hərbi sursat daşınmasının davam etdiyi məlum olub. Rusiyaya məxsus hərbi nəqliyyat təyyarələri Rostov-Dondan İrəvana reyslər ediblər. İlk hərbi reys sentyabrın 26-dan 27-nə keçən gecə, Ermənistan Ordusunun hərbi hücumundan bir neçə saat öncə həyata keçirilib. Daha bir An-124 təyyarəsi döyüşlər başlayan 6 saat sonra İrəvan aeroportuna eniş edib. Növbəti saatlarda daha 1 hərbi təyyarə Rostov-Dondan İrəvana eniş edib.
Qonşu Gürcüstan isə Ermənistana silah daşıyan təyyarəni hava sərhədlərindən buraxmayıb. Rusiya Müdafiə Nazirliyinin “An-124-100” nəqliyyat təyyarəsi Gürcüstan ərazisinə yaxınlaşan zaman onun Ermənistana uçuş istəyinə “yox” cavabı verilib. Nəticədə təyyarə istiqamətini dəyişərək, havaya qalxdığı hərbi aerodroma geri qayıdıb.
Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyan Fransanın “France 24” telekanalına müsahibəsində hər zaman sərgilədiyi hərbi ritorikadan imtina edib. Erməni nazir bildirib ki, Dağlıq Qarabağda genişmiqyaslı əməliyyatlar onları çox narahat edir. Mnatsakanyan rəsmi İrəvanın kompromisə hazır olduğunu bildirib: “Əlbəttə, münaqişənin Fransa, ABŞ və Rusiyanın daxil olduğu ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həllini istəyirik, buna sadiqik.
Münaqişənin sülh yolu ilə həll edilməsi, kompromisə əsaslanan həll variantının tapılması maraqlarımıza uyğundur”.
“Carnegie” Mərkəzinin baş elmi işçisi Tomas de Val Qarabağda eskalasiyanın böyük risk olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi danışıqlarla bağlı ümidsiz olduğu üçün buna gedib.
Vala görə, eskalasiya qərarı Ermənistanla danışıqlarda yaranmış çıxılmaz vəziyyət və Nikol Paşinyanın Azərbaycan üçün məqbul şərtlərlə ciddi danışıqlardan imtina etməsi nəticəsində ortaya çıxıb: “Düşünürəm ki, rəsmi Bakı beynəlxalq konteksti də nəzərə alıb”. Beynəlxalq kontekst deyərkən ekspert Azərbaycana hərbi yardım göstərməkdən bəhs edən Türkiyənin yeni rolunu qeyd edib. Həmçinin bildirib ki, Tramp Administrasiyası Azərbaycana kifayət qədər dost mövqedədir və ABŞ-da prezident seçkilərinə bir ay qaldığını nəzərə alsaq ola bilsin ki, Qarabağ münaqişəsinə müdaxilə etməsinlər. Ancaq Co Bayden qalib gələrsə, Bakını daha az dəstəkləyə bilər” - deyə Val bildirib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, Ermənistana işğalçılıq siyasətindən əl çəkməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilib.
Deputatın sözlərinə görə, biz beynəlxalq humanizm prinsiplərini rəhbər tuturuq: “Bizim davamız yalnız Ermənistan ordusuyladır. 30 il ərzində bizim beynəlxalq təşkilatlara etdiyimiz müraciətlər nəticə verməyib.
BMT-yə 4 qətnaməsinin icra edilməməsi ilə bağlı quruma ünvanlanan müraciətlərimizi onlar qulaqardına vururdular. Ermənistan quduzlaşmış itdir. Daha onlar başa düşmürlər ki, quduzlaşmış iti müalicə edirlər, onun iynəsi var. Bu gün o iynəni bizim ordumuz vurub və bundan sonra da vuracaq”.
Siyasi elmlər doktoru Cümşüd Nuriyev də qeyd edib ki, Azərbaycan ordusunun əməliyyatları Dağlıq Qarabağın işğaldan azad olunmasınadək davam edəcək: “Ermənistan və onu dəstəkləyənlər həddən artıq şok vəziyyətindədir, onlar Azərbaycanın belə bir addım atacağını gözləmirdilər. Bu, ona dəlalət edir ki, Azərbaycan Prezidenti kifayət qədər peşəkar dövlət adamıdır, siyasətçidir, həm də uzaqgörən bir strateqdir. Baxın, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ, Kanada, Rusiya, Yunanıstan və İrana müraciət edir.
Azərbaycanın yanında olanlar isə Türkiyə və Pakistandır. Amma Azərbaycanın indiki əməliyyatlarında Türkiyə ordusuna ehtiyac yoxdur. Bizim ordumuz kifayət qədər peşəkarlaşıb. Prezident BMT Baş Assambleyasının sammitindəki çıxışında Qarabağın azad edilməsinin haqq işi olduğunu ortaya qoydu. Bugünkü əməliyyatlar müstəqil Azərbaycan ordusunun ən böyük uğurudur. Bu uğurun davamının olacağına inanıram”.
C.Nuriyevin Azərbaycan ordusunun uğurlu əməliyyatlarının Ermənistanda təşviş yaratdığını bildirib:
“Artıq ermənilər çox çətin vəziyyətdədir, yaşayış məntəqələrini sürətlə tərk etməyə başlayıblar. Gürcü mənbələrinin verdiyi məlumata görə, Ermənistan-Gürcüstan sərhədlərində böyük tıxac yaranıb. Ermənilər Dmanisi rayonu ərazisi üzərindən qaçmağa başlayıblar. Keçidə icazə verilən məntəqələrdən də Gürcüstan üzərindən köç başlayıb, Krasnodara gedirlər.
Paşinyan o günə qalıb ki, İrəvanda xidmət edən polisləri məcburi şəkildə Qarabağda döyüşməyə göndərir. İndi hamı əmin oldu ki, Azərbaycan düzgün taktiki gedişlər edir. Azərbaycan prezidentinin uğurlu siyasəti Azərbaycan ordusunu qələbəyə aparır. İnanıram ki, bizim bayrağımız Şuşa, Xankəndi və işğal edilmiş digər rayonlarda dalğalanacaq”.