“Azərbaycan cəmiyyəti öz mənbələrimizə inanır” 

Bir neçə gündür, cəbhə xəttində gərginliyin şiddətlənməsi informasiya təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə yayılan informasiyalar heç də həmişə həqiqəti əks etdirmir. Bəzən bu platformalar dezinformasiyaların yayılması, həqiqətin qəflət pərdəsi ilə örtülməsi üçün əsas vasitəyə çevrilir. Mübarizənin təkcə cəbhədə yox, informasiya məkanında da getdiyi bir vaxtda dezinformasiyalar, “fake” profillərlə yayılan yalan xəbərlər ictimai fikri çaşdırmağa yönəlir.


Belə həssas, əhəmiyyətli və həlledici bir dönəmdə vətəndaşlarımızın üzərinə düşənlərdən biri yanlış informasiyalara aldanmamaqdır. Məlumdur ki, düşmən dezinformasiyalar yaymaqla cəmiyyətimizdə ruh düşkünlüyü yaratmaq, eyni zamanda hərbi sirləri əldə etməyə çalışır. Bu baxımdan yalnız rəsmi dövlət qurumlarımızın açıqlamalarına inanmaq lazımdır.

Düşmənin dezinformasiyaları ilə bağlı “Sherg.az”a danışan “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, hazırda düşmənin yaydığı yanlış informasiyaların beynəlxalq ictimaiyyətə yayılması təhlükəlidir.  Birlik sədrinin sözlərinə görə, bu dezinformasiyalar cəmiyyətimizdə o qədər də təhlükəli deyil:

“Çünki sosial şəbəkələrə giriş məhdudlaşdırıldığı üçün yoxlanılmamış, qeyri-professional məlumatların əhaliyə çatdırılması çətinləşib. Azərbaycan cəmiyyəti elə bir vəziyyətdə deyil ki, ermənilərin dediyi yalan məlumatlara inansın. Lakin ermənilərin yanlış informasiyalarının fəsadlarını beynəlxalq aləmdə yaşaya bilərik.

Son günlər xüsusilə xaricdən gətirilən terroristlər, Türkiyənin əməliyyatlarda iştirakı ilə bağlı yanlış məlumatlar verilir.
Fikrimcə, sosial şəbəkələrlə bərabər internet və saytlara çıxışın məhdudlaşdırılması ziyanlı idi.

Çünki jurnalistlərin nəzarətdə saxlanması çətinləşirdi. Bu sahədə mübarizə xüsusi qurumların vəzifəsidir. Çünki dezinformasiya çox ciddi məsələdir. Bilmirəm rəsmi orqanlar bu məsələyə nə dərəcədə diqqət yetirir.

Amma gördüyümüz ondan ibarətdir ki, beynəlxalq səviyyədə ermənipərəst informasiya vasitələri bu gün daha fəaldırlar”.

A.Əliyev vurğulayıb ki, hətta xarici media və sosial şəbəkələrə qoyulan şəkillərin 90 faizi Ermənistan tərəfindən çəkilən şəkillərdir:

 “Azərbaycan haqqında olan materiallar da düşmən tərəfindən yayılır. Bu da ondan irəli gəlir ki, ölkəmizə aid materialları xaricə ünvanlayan jurnalistlər var. Onlara bu imkanlar yaradılmamalıdır.

Yalan informasiyaların  yayılmasının qarşısını almaq üçün rəsmi orqanlar lazımi həddə məşğul olacaqlar. Azərbaycan cəmiyyəti istənilən halda öz mənbələrinə inanır”.