Körpələrin ruhundakı Qarabağ

İpək, Selcan, Nilufər ordumuzun gücünə güc qatır


Sosial şəbəkələrin ulduzları əsgərlər və... uşaqlardı. Bilirəm. Təsdiqləyəcəksiniz. Hamımız körpə balalarımızın dilində “Qarabağ Azərbaycandır” kəlməsinin necə şirin, lap ana laylası kimi səsləndiyinə valeh oluruq. Şirin səslənir, eyni zamanda qüvvətli. Yaşlarına görə səs tembrləri zəif ola bilər, amma elə qətiyyətlə deyirlər ki, Qarabağı gələcəkdə məhz bu balaların qoruyacağına, həm də göz bəbəyi kimi qoruyacaqlarına zərrə qədər də şübhə qalmır. 

Paytaxt küçələrindəki elektron tablolarda da körpələrimizin üçrəngli, aylı-ulduzlu bayrağımızı daşımaları, gülümsəmələrini əks etdirən sosial çarxlar yayımlanır. Bu günlərdə sevimli bayrağımız hamıya yaraşır.

Amma təbii ki, bayrağa yaraşan, bayrağın da yaraşıq verdiyi şanlı əsgərlərimiz və yenə də körpə balalarımızdı. Sosial şəbəkələrdə balacaların diliylə Qarabağ, qələbə çağırışları, əsgərlərə müraciətlər geniş yayılıb. Onların arasında həmkarlarımızın övladları da var. “LAF” internet televiziyasının təsisçisi, əməkdar jurnalist Ləman Ələşrəfqızının qız övladı Nilufər, Modern.az saytının əməkdaşı Namidə xanımın (Namidə Bingöl), “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin nəvəsi İpəyin əsgərlərə çağırışları, müraciətləri, Qarabağ haqqında səsləndirdikləri şeirlər ən çox baxılan videolardır. 



Həmkarımız Ləman Ələşrəfqızının qızı Nilufər son günlərdə sosial şəbəkədə 2 videosu ilə diqqət çəkib. Biri Rusiya Prezidenti V.Putinə müraciət, biri isə Şuşa xitabıdır. Anası deyir ki, Nilufərin Pusiya prezidentinə müraciəti gözlənilməz oldu: - Evdə onsuz da həmişə Qarabağdan danışırıq. Çalışıram qızım tariximizi bilsin. Bu günlərdə Nilufər az qala siyasi şərhçiyə dönüb. Ermənilər tərəfindən Gəncə raket zərbələrinə məruz qalanda, günahsız körpələr, əhali qətlə yetiriləndə Nilufər çox təsirləndi.

Gözləmədiyim halda mənə sual verdi ki, ana, Ermənistanın adamları nə qədərdi? Cavab verdim ki, təxminən 3 milyon. Soruşdu ki, bəs biz nə qədərik? Dedim, 10 milyon. Qayıtdı ki, bəs niyə onlar bizə hücüm edir? Dedim, qızım, onları Rusiya silahlandırır. Onda qızım dedi ki, ana, mən Putinə məktub yaza bilərəm? Dedim niyə yazmırsan, əyləş yaz. Təsəvvür edin, 3 dəqiqə sonra mənə məktubu göstərdi ki, yazdım. Şoka düşdüm ki, ay qızım, nə tez yazdın?! Baxdım ki, çox dəqiq, səlis cümlələrlə fikrini ifadə edib.

Bircə, humanitar atəşkəs sözünün tərcüməsini soruşdu məndən. İzah etdim. Həmin müraciət belə yarandı. Qərara gəldik ki, youtub kanalına yerləşdirək. Sonra da Fikrət Sadığın çox sevdiyim “Şuşa” şeirini səsləndirdi. Onu da youtub-a yüklədik. Mən həmişə övladlarımı vətənə bağlı, vətənpərvər böyütməyə çalışmışam. Şükür ki, istədiyim kimi də böyüyüblər. Qızıma daim bunu aşılayıram ki, bu, sənin Vətənindi, sənin torpağındı. Mən qızımı rusdilli məktəbə qoyanda, narazılıqlar eşitdim. Amma hesab edirəm ki, rus dilini bilməyin heç bir qəbahəti yoxdur, əksinə, müəyyən hallarda lazımlı və gərəklidir.

Qızım rus dilini bilir, öz ana dilində də mükəmməl danışır. Youtubdakı paylaşımları görür və həvəslənir. Deyir, özümə kanal açacam. Öz tribunam olsun. Mən də söz vermişəm, kamera alacam ona. Madam ki, həvəsi var, qoy məşğul olsun. 



Modern.az saytının əməkdaşı Namidə Bingölün həyat yoldaşı, Selcanın atası Aqşin Kərimov indi cəhbədədi. Qeyd edək ki, Aqşin bəy peşəkar jurnalistdi. “Modern.az”saytında işləyib, sonra isə “Oxu.az” saytında parlament müxbiri kimi çalışıb. İndi isə Azərbaycan Ordusunun sıralarına könüllü olaraq qatılıb və ön cəbhədə döyüşür. Qızı Selcan Azərbaycan əsgərinə “Sizi sevirəm...” xitabı edib və bir də atasından “xarı bülbül” gətirməyi xahiş edib. Namidə xanım bu xitabın maraqlı tarixçəsini danışdı: 

- Selcan 5 yaşındadı. Bağçaya gedir. Atası onunla daha çox məşğul olurdu, nəinki mən. Ona vətənpərvərlik ruhlu şeirlər, mahnılar öyrədirdi. Xüsusən də istəyirdi ki, qızımız Azərbaycan himnini mükəmməl bilsin. Selcan çalışırdı, amma tam öyrənə bilməmişdi. Atası cəbhəyə yola düşməzdən əvvəl Selcana himni dəqiqliyi ilə öyrətdi. İndi qızım himnimizi qüsursuz oxuyur. Aqşin mənə tapşırıb ki, uşaqla məşğul ol. Mən də hər axşam işdən sonra Selcanla “dərs” keçirəm. Qarabağı bilir, bilir ki, bizim torpağımızdı. Prezidentin çıxışlarını dinləyir və deyir ki, ana, mən İlham Əliyevi görmək istəyirəm. Deyirəm, gör, televiziyada çıxış edir. Deyir, yox, həyatda görmək istəyirəm. Deyir, İlham Əliyev bizim prezidentimizdi, bizi ermənilərdən qoruyur. O, Qarabağı alır. Belə sözlər danışır. Amma xarı bülbülü tanımırdı, haqqında heç nə bilmirdi. Mən ona xarı bülbülün şəklini göstərəndə dedi ki, ana, bu quşa oxşayır. Dedim, hə, bu gül Şuşada bitir. O da əsgərə xitabında atasından xarı bülbül gətirməyi xahiş etdi. Selcan bilir ki, atası döyüşür. Deyir, atam gedib erməniləri öldürməyə. Əsgərlər atama kömək etsinlər, Qarabağı alsınlar. Əsgərlərimiz hamısı yaxşıdı, atam da yaxşıdı. Əsgərə xitabını belə başlayır : “Salam, əsgər. Mən hamınızı çox sevirəm...” İndiki uşaqlar müharibənin nə demək olduğunu bilir artıq. Özləri görürlər, dərk edirlər. Selcan Türkiyənin, Pakistanın bayraqlarını da tanıyır: “yaşıl Pakistanın, qırmızı Türkiyənin bayrağıdı. Onlar bizim dostlarımızdı” deyir. Mən də ona Ukraynanın, Macarıstanın, başqa ölkələrin bayraqlarını göstərirəm. Azərbaycanın çoxlu  dostları olduğunu deyirəm. 

O gün olsun, körpə balalarımızın dilindən “Qələbə!” kəlməsini eşidək. Gülər çöhrələrində qələbə sevincini görək.