Mayisim döyüşə gedəndə mənə də, qardaşına da "anamdan muğayat olun" demişdin. Mənə sonuncu sözün "döyüşdə olduğumu anam bilməsin, mənim üçün ağlayıb əzab çəkməyini istəmirəm, anamı sənə tapşırıram səni də allaha".
"Sherg.az" xəbər verir ki, bu barədə Vətən savaşında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan "Əjdaha" ləqəbli XTQ leytenantı Mayis Yaqubovun atası Rəhim Yaqubov öz Feysbuk hesabında yazıb. Daha sonra R.Yaqubov fikirlərini kövrək notlarla davam etdirir:
Sanki şəhid olacağını bilirdin, əziz balam. Sabah (21 fevral) doğulduğun torpağa qoyulduğunun 4 ayı tamam olur. Və mən ananı sakitləşdirə bilmirəm ,oğul, bağışla məni"
Qeyd edək ki,Mayis Yaqubov 1998-ci il aprelin 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 2004-2015-ci illərdə Ş. Cəbiyev adına Daş Salahlı kənd tam orta məktəbində təhsil alıb. 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Mayis Yaqubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mayis Yaqubov oktyabrın 17-də Xocavənd döyüşləri şəhid olub. Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.