4 yaşlı qızın küçəyə atılma səbəbi...  – Cocuğun günahı nə? !

“Bəzən insan elə  affekt durumda olur ki, etdiyi hərəkətə hakim ola bilmir”

“Hər halda xanımın özü tapılmadığı müddətcə məsələni aydınlaşdırmaq mümkün olmur”


Dünən Bakı şəhərində təxminən 4 yaşlı qız küçəyə atılıb. Hər nə olursa, olsun imkansızlıq uşağı küçəyə atmağa əsas vermir. Təəssüf ki, belə hallarla qarşılaşırıq. Uşağı dünyaya gətirmək, sonra küçəyə atmaq cinayətdir.
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, dünən gətirilən uşağın valideynlərinin müəyyən olunması barədə araşdırma aparılır.  O deyib ki, ilkin məlumata görə, uşaq tapıldığı ərazidə yaşamır:

“Dünən gətirilən uşağın valideynlərinin müəyyən olunması barədə artıq araşdırma aparılır”. 

“Qızın təxminən 4 yaşı var. Adının Nərgiz olduğunu deyir. Uşaq Xətai Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru tərəfindən bizə gətirilib. Uşaqla söhbət zamanı bildirib ki, onu anası həmin ərazidə qoyub, gedib. 

Lakin uşağı görənlər deyir ki, onu qucağında körpə uşaq olan yaşlı bir qadın həmin əraziyə gətirib. Uşağın tapıldığı ərazidə heç kim onu tanımayıb. Hazırda ərazidəki təhlükəsizlik kameralarına baxılır, araşdırma aparılacaq. Daxili İşlər Nazirliyinin müvafiq şöbəsindən mənimlə əlaqə saxlanıldı”.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının verdiyi məlumata əsasən uşaq tapılan zaman çox baxımsız vəziyyətdə olub.



Məsələ ilə bağlı fikirlərini bölüşən "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq"ə açıqlamasında baş verən hadisəni qınayanları gördüyünü vurğulayıb:

“ Biz bilmirik ki, qadının həmin an emosional vəziyyəti necə olub. Bəzən insan elə  affekt durumda olur ki, etdiyi hərəkətə hakim ola bilmir. Ona  bəraət qazandırmıram, lakin bütün mövqelərdən nəzər salsaq, hadisənin  hansı səbəbdən baş verdiyindən məlumatımız yoxdur. Hər halda xanımın özü tapılmadığı müddətcə məsələni aydınlaşdırmaq mümkün olmur. Ana olaraq yəqin ki, uşağından keçməz, amma hansı təsirlər olub?  Bəlkə, təhlükədən qorumaq istəyib? İstintaqın nəticəsini gözləmək daha məqsədəuyğundur”.