“Ordumuzun müasir silahlar təchiz edilməsi həmçinin Ermənistana bir mesajdır”
Azərbaycan Ordusunun bundan sonra da müasir silahlar və hərbi texnika ilə təmin edilməsi üçün zəruri işlər davam etdiriləcək. Bu barədə Baş nazir Əli Əsədov parlamentin bugünkü iclasında bildirib. Onun sözlərinə görə, Azərbaycanın aldığı müasir silahlar Vətən müharibəsində özünü uğurla doğruldub. Ordumuzun müasir hərbi avadanlıqlarla təchizi təbii ki, lazımlı, bəlkə də, ən vacib amildir.
Bəs bunları Ermənistan tərəfinə bir mesaj kimi dəyərləndirmək olarmı?
Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a açıqlamasında bildirib ki, bəzi silahlarımız sıradan çıxarılıb və məhv edilib:
“Bu baxımdan onların yeniləri və müasir sistemlərlə əvəz olunması təqdirəlayiq addımdır. Ordumuzun müasir silahlar təchiz edilməsi həmçinin Ermənistana bir mesajdır.
Onlar büdcələrinə uyğun olaraq hərbi texnikalar almaq üçün vəsait ayıra bilmirlər. Hətta bəzi deputatlar Ermənistan ordusuna nə üçün bu qədər vəsaitlər ayrıldığını anlamadıqlarını dilə gətiriblər”.
Ə.Verdiyevin sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanda türk ordusunun kiçik bir modelinin yaradılacağına dair bəyanat səsləndirib:
“Ölkə başçısı Türkiyə modelinə uyğun silah sistemlərinin əldə ediləcəyi siqnalını vermişdi. Odur ki, bu mesajlar bir-birini tamamlayır. Ümumilikdə bütün proseslər ordumuzun daha da ciddi potensial əldə edərək regionda liderliyini qorumağa hesablanmış addımlardır”.