""Azərbaycan ABŞ müdafiə sənayesi ilə əməkdaşlıq edə bilər".
Dünən prezident İlham Əliyev belə deyib. İlk başda ABŞ-a "sizdən (də) silah ala bilərik" mesajı verilir kimi görünsə də, bir maraqlı cəhət var.
Amerikada hərbi-sənaye kompleksinə yaxın olan,Ordu ilə daha iç-içə görünən, xaricə silah satmağı prioritet edən adətən, respublikaçılar partiyası və respublikaçı prezidentlər olurlar. Hələ heç bir Ağ Ev rəhbəri Tramp kimi qapı-qapı düşüb, silah satmayıb. Ona görə də, bu çağırışda əslində, silah satışından daha çox ABŞ-ın bölgəyə dəvət edilməsi görünür". "Sherg.az" xəbər verir ki, bu barə siyasi analitik Turab Rzayev bildirib. Onun sözlərinə görə, görünən odur ki, Azərbaycan hakimiyyəti Amerika ilə hərbi əməkdaşlıq və hərbi yardım sahəsinə geri qayıtmaq istəyir:
"Amerika özünün ən ermənipərəst və Azərbaycan əleyhinə görünən xarici siyasəti illərində belə Azərbaycan donanmasını hərbi gəmilərlə, sualtı radarlarla və digər vasitələr ilə təchiz edirdi. İranın dəyişməz anti-Azərbaycan mövqeyi də, öz xarici siyasətini Azərbaycanın əleyhinə qurması faktoru da bizim strateji olaraq hələ uzun bir müddət Amerika və İsrail ilə yanaşı addımlamaq arzumuzu dəstəkləyir.
Azərbaycan Orta Şərqin (Qafqaz və Mərkəzi Asiya) yeni İsraili ola bilərmi?! ABŞ və digər qlobal güclər bizə bu dəstəyi verəcəkmi?! Və biz cəmiyyət, xalq, dövlət və hakimiyyət olaraq yeni İsrail olmağa hazırıq mı? Buna resurslarımız yetərmi ?! Məncə dünənki çıxışda əsas cavab verilməli olan suallar bunlardır".