"Ermənistan “bizdə minalanmış ərazilərin xəritələri yoxdur” yalanını təkrarlaya bilməyəcək"
"Nəhayət ilk addım atıldı. Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Bunun müqabilində, 15 erməni Gürcüstan üzərindən Ermənistana təhvil verildi".
Bu barədə "Sherg.az"a politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması diqqət çəkici idi:
"Humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyinin təqdir edildiyi bildirilən açıqlamada eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edildi. Bu sırada bircə Rusiyanın adı çəkilmədi. Səbəb sadədir. Çünki Rusiya mina xəritələrinin Azərbaycana təhvil verlməsi üçün İrəvana təzyiq etmədi. Halbuki, bunu ilk növbədə Moskva həyata keçirə bilərdi. Azərbaycan və Ermənistan bu dəfə başqalarının vasitəçiliyi ilə məsələni yoluna qoydular".
Ekspert diqqətə çatdırıb ki, ilk mina xəritəsinin Azərbaycana təhvil verilməsinin aşağıdakı nəticələri ola bilər:
"Birincisi, bu yolla biz beynəlxalq aləmin minalar mövzsusuna diqqətini artırmış olduq. Bundan sonra Ermənistan “bizdə minalanmış ərazilərin xəritələri yoxdur” yalanını təkrarlaya bilməyəcək. Bu informasiya müharibəsində xeyrimizə işləyəcək.
İkincisi, parlament seçkisi öncəsi baş nazir vəzifəsini icra edən Nikol Paşinyan 15 ermənini geri qaytarmaqla az da olsa reytinqini artırmağa müvəffəq olacaq. O bundan sonrakı mitinqlərdə “qalan erməni əsirləri də geri qaytaracam” tipli açıqlamalar verəcək".