Deputat:"Saatlının su problemi kökündən həll olunmalıdır”

“Bütün ümid qalıb çaylara, Saatlı da bütün ümidini bağlayıb Araz çayına, Araz çayında da suyun səviyyəsi minimum həddədir”

 “Ona görə də içməli su məsələsini qaldıranda Azərsu deyir ki, orada onun xətləri yoxdur, yəni problem onluq deyil”

“Meliorasiya isə deyir ki, “mənimki suvarma suyudur, içməli su mənlik deyil”. Arada vətəndaş əziyyət çəkir” 


Tanınmış iqtisadçı-alim, sabiq millət vəkili Nazim Bəydəmirli sosial şəbəkə profilində Saatlının su problemi ilə bağlı status paylaşıb. Ekspert rayonun bir sıra kəndlərində ciddi su çatışmazlığının olduğunu yazıb: “Yenə İlqar Məmmədov zəng etmişdi, deyir ki, Soltanabad və ətrafındakı 11 kənddə su yoxdur, sakinlər mal qaranı kütləvi satmağa başlayıblar. Maşınlarla kanallardan su çəkib kəndlərə içməli su kimi paylayırlar. O su da keyfiyyətsiz olduğundan bir uşaq da zəhərlənibmiş. Əlavə edir ki, 34 ildir həyətində quyu qazdırıb, quyusu olmayanlar kanistrlərlə, maşınlarla gəlib su növbəsində gözləyirlər. Saatlıda su ilə vəziyyətin xülasəsi..”.

Xatırladaq ki, Saatlının müxtəlif kəndlərində su problemi ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov rayonun deputatı olduğu dövrdə dəfələrlə bu məsələni qaldırmışdı. Ötən günlərdə Saatlının bir neçə yaşayış məntəqəsinin sakinləri içməli və suvarma suyu təminatın zəif olmasına görə etiraz aksiyası keçirmişdilər. Rayondakı su qıtlığı ilə bağlı sakinlərin narazılığı mediada bir neçə işıqlandırılıb. 

Problemlə bağlı “Şərq”ə danışan Saatlı rayonunun millət vəkili Əziz Ələkbərli deyib ki, Saatlıda həm içməli, həm də suvarma suyu ilə bağlı problem kökündən həll olunmalıdır. Deputatın sözlərinə görə, tək Saatlıda yox, Azərbaycanın bir çox rayonunda ciddi su problemi var və bu məsələ birbaşa dövlətin, cənab Prezidentin nəzarətindədir: 

“Yadınızdadırsa, bir müddət əvvəl bu məsələ ilə bağlı Baş nazirin 1-ci müavininin sədrliyi ilə Dövlət Komissiyası da yaradılmışdı. Su problemi ayrı-ayrı rayonlarda spesifikdir. Məsələn, aran rayonlarında, o cümlədən Saatlıda yeraltı çaylar olmadığı üçün burada artesian quyuları qazıb şirin su çıxarmaq qeyri-mümkündür. Bütün ümid qalıb çaylara, Saatlı da bütün ümidini bağlayıb Araz çayına, Araz çayında da suyun səviyyəsi minimum həddədir. Digər problem Saatlı rayonunun bir çox kəndləri içməli su xətləri ilə təmin olunmadığından əhalinin içməli suyu kanaldan, arxdan götürməsi ilə bağlıdır. Deməli, suvarma suyu yoxdursa, içməli su da yoxdur. Ona görə də içməli su məsələsini qaldıranda Azərsu deyir ki, orada onun xətləri yoxdur, yəni problem onluq deyil. Meliorasiya isə deyir ki, “mənimki suvarma suyudur, içməli su mənlik deyil”. Arada vətəndaş əziyyət çəkir”. 

Parlament üzvü vurğulayıb ki, bir müddət bundan əvvəl, xüsusilə pambığın ikinci suvarma suyu ilə bağlı rayonda çox ciddi problemlər yaranmışdı: 

“Mən Milli Məclisdən məzuniyyətə çıxan kimi Saatlıya yollandım və bir müddət rayonda qaldım. Rayon İcra Hakimiyyətinin, rayon polis idarəsinin, rayon su idarəsinin birgə səyləri ilə vəziyyəti xeyli normallaşdıra bildik. Təbii ki, Bakıdakı müvafiq qurumlar bu işdə bizə lazımi dəstək verdi. Azərsu da kəndləri işməli su ilə təmin etmək üçün əlavə su maşınları ayırdı. Təsərrüfatların böyük əksəriyyəti əkin sahələrini suvara bildi, kəndlər işməli su ilə təmin edildi. İndi də bu proses davam edir. Şübhəsiz, Saatlı rayonunda hamını razı salacaq qədər su ehtiyatı yoxdur. Bəzi kəndlər su kanallarının başındadır, bəziləri 50-60 km uzanan kanalın lap axırındadır. Digər tərəfdən, kəndlərə, sahələrə su növbəli şəkildə verilir. Birinə nasos verilir, o biri şikayət edir ki, niyə nasosu ondan alıb başqasına verdilər. Hansısa kəndin içindəki kanala su verilir ki, əhali içməli su ehtiyatına malik olsun, digəri narazılıq edir ki, əkin sahəsi susuz qaldı. Suyu əkin sahələrinə verirsən, o biri etirazını bildirir ki, onun mal-qarasının suyu olsun, nəyinə lazımdır filankəsin əkin sahəsi. Real vəziyyət belədir. Ona görə də indiki çətin məqamda insanlar bir qədər səbrli və anlayışlı olmalıdırlar. Təxminən bir aydan sonra heç kəsə su lazım olmayacaq və adamlar suyun çoxluğundan şikayət edəcəklər”. 

Ə.Ələkbərli bəyan edib ki, Saatlıda su probleminin builki vəziyyətinin keçən ilkindən heç bir fərqi yoxdur: 

“Görünür, bu problemi gələn il də yaşayacağıq. Ona görə də Saatlıda həm içməli, həm də suvarma suyu ilə bağlı problem kökündən həll olunmalıdır. Bunun üçün xüsusi dövlət proqramı həyata keçirilməlidir. Ümidvarıq ki, gələn il bu vaxta kimi bu məsələ öz həllini tapacaq”.