Açılan məzarlar...


O vaxt qarışıq dövr idi, şəhidləri döyüş meydanından birbaşa Xiyabana gətirirdilər

Almaz Ülvi Binnətova: "Elələri var idi ki, ailə üzvləri, yaxınları çıxmırdı, axtarıb tapmağa vaxt çatışmırdı"


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciət edib. Nəticədə Birinci Şəhidlər Xiyabanında tanınmadan dəfn edilmiş 23, İkinci Şəhidlər Xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına dair məhkəmə qərarı alınıb. Hazırda Hərbi Prokurorluq və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyətinin baş mühəndisi Sabir Həsənov deyib ki, Şəhidlər Xiyabanında açılan naməlum qəbirlər Birinci Qarabağ şəhidlərinə aiddir: “Bu qəbirlər 1992-1993-cü illərdə müharibədə şəhid olan, kimliyi müəyyən edilməyən insanların cənazələridir”. O bildirib ki, artıq müəyyən prosedurlar başladılıb və bir neçə qəbir açılaraq, naməlum cəsəd qalıqları aidiyyəti qurumlara təhvil verilib. 

Şəhid məzarlarının açılması ilə bağlı qərarı “Şərq”ə dəyərləndirən görkəmli alim, filologiya üzrə elmlər doktoru, professor Almaz Ülvi Binnətova bu məsələnin kifayət qədər həssas olduğunu söyləyib. Alim vurğulayıb ki, o, daha çox 20 yanvar qanlı gecəsində şəhid edilmiş şəxslərin Xiyabanda dəfninə şahidlik edib:

“1990-cı ilin 20 yanvar faciəsi baş verəndən sonra şəhidlərin dəfni həyata keçirilirdi. Biz hər gün Şəhidlər Xiyabanındaydıq. Yanvarın 22-də bir hadisənin şahidi oldum. Xiyabanda bir yerdə topa sümüklər üzə çıxmışdı. Əvvəlcə başa düşmədim ki, orada sümüklərin nə işi var. Mənə dedilər ki, bura əvvəl məzarlıq olub, bunlar da keçmişdə bura dəfn olunanların sümükləridir. Hamısının yenidən dəfn ediləcəyini dedilər və müəyyən cərgələrdə yenidən torpağa basdırdılar”. 

Professor qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı şəhidlərimiz çox idi və onlar arasında şəxsiyyəti müəyyən olunmayanlar da var idi:

“Hər gün şəhidlər gəlirdi. O vaxt qarışıq dövr idi, şəraitsizlikdən şəhidləri saxlaya bilmirdilər. Döyüş meydanından birbaşa Xiyabana gətirirdilər. Bir qohumumuz şəhid olmuşdu və erməni tərəfində qalmışdı. Onun nəşini bir neçə gün ərzində çətinliklə aldılar. Bakıya gətirilən kimi dərhal dəfn etdilər. Elələri var idi ki, ailə üzvləri, yaxınları çıxmırdı, axtarıb tapmağa vaxt çatışmırdı. Bəzi şəhidlərin nəşi isə tanınmaz halda olurdu və elə o cür də basdırılırdı. Əgər indi zərurət yaranıbsa, şəhid ailələri müraciət ediblərsə, naməlum məzarlar açıla bilər. Şəhidlərimizin kimliyi bilinməlidir. Vallah, o qədər çətin və həssas məsələdir ki, adam nə deyəcəyini bilmir”. 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da “Şərq”ə bildirib ki, naməlum şəhidlərin kimliyinin müəyyən olunması üçün bəzi addımlar atılmalıdır. Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı 4000 minə yaxın əsir düşmüş və ya itkin vətəndaşımız var:

“Ermənilər boyun qaçırır, əsir və itkin şəxslərlə bağlı dəqiq məlumat vermirlər. İtkin sayılan vətəndaşlarımızın ailələrinin narahatlığını başa düşmək lazımdır. İllərlə həsrətini çəkdikləri övladlarının, qardaş və ya atalarının ən azından harada dəfn olunduqlarını bilmək istəyirlər. Bəlkə hansısa ailənin axtardığı itkin şəxs elə həmin naməlum məzarlardadır.

DNK analizi ilə bunu asanlıqla üzə çıxarmaq və bəzi ailələrin intizarına son qoymaq mümkündür. 1991-1993-cü illərdə müəyyən sistem yox idi, xeyli insan cəbhəyə könüllü gedir, bəziləri qeydiyyata düşmürdülər. Onların harada döyüşdükləri də bilinmirdi. Şəhid olanda isə tələsik dəfn olunur, bəzən kimlikləri naməlum qalırdı. Zaman keçdikcə dəqiqləşdirmək də çətinləşirdi. 2 il bundan əvvəl İmişli rayonunda 8 nəfər adsız məzarın olması ilə bağlı kadrlar yayıldı. Müxtəlif yerlərdən müraciətlər ediləndən sonra məzarlar açıldı və bir ailə öz yaxınının orada dəfn olunduğunu öyrəndi.

Görünür, indi də bu proseduru həyata keçirməyə ehtiyac yaranıb. Hər halda din xadimlərinin də məsləhət və icazəsi ilə şəhid məzarlarının açılması və kimliyinin müəyyən edilməsi mümkündür”.