Sülhməramlıların mandatının tanınması maraqlarımıza cavab verirmi? – Şərh 

Rusiya sülhməramlılarının mandatı ilə bağlı müzakirələr davam edir. Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə açıqlamasında sülhməramlılarla bağlı mühüm məqamlara toxunub. O, Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatlarının Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr tarixli Üçtərəfli bəyanatına əsasən həyata keçirildiyini qeyd edib.


H.Hacıyevin sözlərinə görə, 10 noyabr Üçtərəfli razılaşması sülhməramlı qüvvələr üçün “siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni” müəyyən edib:
“Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir”.

Maraqlıdır, sülhməramlıların mandatının tanınması nə dərəcədə düzgündür?  Bu, rusların bölgədə uzunmüddət qalmasına şərait yarada bilərmi?

Sualımızı cavablandıran sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a vurğulayıb ki, H.Hacıyevin dedikləri əsasən iki məqamla bağlı mövqeyimizi əks etdirdi:

“Birincisi, Azərbaycan 10 Noyabr Bəyannaməsində təsbit edilmiş razılaşmalar əsasında fəaliyyət göstərən sülhməramlı qüvvələr kontingentinin fəaliyyətinin hüquqi əsaslarının konkretləşdirilməsi istiqamətində işlərin davam etdirilməsini vacib hesab edir. İkincisi, müzakirələr zamanı yanaşmalarda fərqli olan bir sıra problemlər müəyyən edilib.

Bu nə deməkdir? Beynəlxalq təcrübə göstərir ki, bu məsələdə 3 variantın mümkünlüyü nəzərdə tutulur. İlk öncə, BMT Nizamnaməsinə uyğun olaraq, sülhməramlı əməliyyat BMT strukturları tərəfindən təşkil edilir və həyata keçirilir.

Digər tərəfdən sülhməramlı əməliyyatı BMT-yə üzv dövlət və ya bir sıra dövlətlər tərəfindən qəbul edilən ölkənin razılığı və razılaşdırılmış mandat əsasında mövcudluğunu davam etdirir. Bu halda, ya BMT, ya BMT Təhlükəsizlik Şurası sədrinin xüsusi Bəyanatı, ya da Təhlükəsizlik Şurasının xüsusi Qətnaməsi ilə razılaşdırılmış mandatı təsdiq edilir.

Üçüncü variant isə odur ki, bir sıra dövlət ev sahibi olan ölkə ilə razılaşaraq, sülhməramlı əməliyyatını keçirirlər. Eyni zamanda razılaşmalarla vəzifə və hüquqları mandat olaraq qəbul edə bilərlər”.

 T.Zülfüqarov bildirib ki, ölkəmizdə 3-cü bənddə göstərilən faktiki bir vəziyyət mövcuddur:

“Bu, yaxşıdır, yoxsa pis? Təbii ki, pisdir. Çünki tərəflərin həllini fərqli gördükləri problemlər yaranır və nəzərdə tutulan hərəkətləri aydınlaşdırmaq üçün tez -tez danışıqlar aparmaq lazım gəlir. Məsələnin yaxşı tərəfi isə odur ki, danışıqlar aparan tərəflərin dairəsi 3 dövlətlə məhdudlaşır - Azərbaycan, Türkiyə və Rusiya. Aydındır ki, mandat razılaşdırılaraq təsdiq üçün BMT-yə təqdim olunarsa, ən azı Fransa və ABŞ bu missiyada iştiraklarını tələb edəcək.

Beynəlxalq qaydalara əsasən, mandatın qüvvəyə minməsi üçün ev sahibi tərəfinin razılığını təsdiq edən sənəd kimi Anlaşma Memorandumunun imzalanması tələb olunacaq. Diqqət yetirin ki, söhbət ölkədən yox, tərəfdən gedir... Yəni Xankəndidən olan kuklalar da bu memorandumu imzalamalıdır.

Qeyd olunanlara əsaslanaraq, mandatın yoxluğu taktiki maraqlarımıza cavab verən məsələdir. Həm Türkiyə, həm də Rusiyanın Qərbi prosesdən uzaqda tutmaq niyyətində olduğunu nəzərə alsaq, mandatın razılaşdırılmasını gözləməyə ehtiyac qalmır”.