Prezidentdən Ermənistan və havadarlarına mesaj:”Savaş  ritorikası təkrarlansa..”

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciət edib. Ölkə başçısı bildirib ki, 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi:
“Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”.

Mövzu barədə “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli vurğulayıb ki, Prezidentin müharibənin bitdiyini qeyd etməsinə səbəb mövcud reallıqları qəbul etməyən tərəflərin meydana çıxmasıdır:

“Təəssüf ki, həmin tərəf Ermənistan yox başqa qüvvələrdir. Məsələn, Fransa, Amerika, Kanada, Almaniya fərqli bəyanatlar verir. Təbii ki, bu bəyanatları da əsasən həyata keçirən erməni lobbisinə bağlı olan mərkəzlərdir. Amma gedişatı heç nə və heç kim dəyişə bilməz. 

Müharibə bitib və Ermənistan məğlub olub. Ordusunu bərpa etmək üçün Ermənistana 30 il vaxt lazımdır və təxminən 4 il milyard dollarlıq zərərə düşüblər. Bu baxımdan reallıqları qəbul etməkləri lazımdır. Lakin digər məsələlərə cəhd edənlər var. Məsələn, Prezident bu gün bildirdi ki, münaqişə sona çatıb və kimsə yenidən xalqımıza zərər versə, onların başı əziləcək. 

Eyni zamanda ölkə başçısının dəqiq məlumatı var ki, Ermənistan tərəfindən kimlərsə hərbi baxımdan nələrəsə ümid edir. Bu, Nikol Paşinyana, hətta onun düşməni olan Robert Koçaryana və revanşistlərə mesajdır. Ona görə də Ali Baş Komandanın açıqlaması bundan ibarətdir: Savaş bitib, kimsə savaşla əlaqədar ritorikanı təkrarlasa, daha sərt şəkildə cəzalandırılacaq. 

Ölkə başçısı bütövlükdə Ermənistana və onun arxasındakılara da həmin mesajları vermiş oldu: Qarabağ bizimdir, yenidən qururuq və yaxın zamanda məskunlaşdırma işləri başlayacaq. Bu reallığı bütün dünya qəbul edib və siz də qəbul etsəniz yaxşı olar!”.

Yeganə Bayramova